İran Nyu-Yorkda ABŞ ilə Qətərin vasitəçiliyilə dolayı danışıqlar aparıb və Vaşinqtonun çərşənbə axşamı rəsmi cavab verəcəyini gözləyir.
Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumatda deyilir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib. O deyib ki, BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfəri zamanı İran nümayəndə heyəti böhranın həlli və Hörmüz boğazının yenidən açılması planını təqdim edib: “Bizim missiyamız bu şərtləri Amerika tərəfinə və digər ölkələrə çatdırmaq, beynəlxalq ictimaiyyətin İranın bu mövzuda bir planının olduğunu bilməsini təmin etmək idi”.
O əlavə edib ki, son görüşdə Qətər vasitəçiləri fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə yönəlmiş yeni ideyalar irəli sürüblər və bu ideyalar Vaşinqtona çatdırılıb.
Bu arada, İran mediası yazır ki, Vaşinqtonla danışıqlar Tehranın nüvə proqramına aid deyil. İran rəsmisinə istinadla qeyd edilir ki, “İranın nüvə məsələsində mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır”.
Lakin digər mənbələr bunun əksini iddia edir.
“Bloomberg” isə öz mənbələrinə istinadla xəbər verir ki, İran rəsmiləri konqresə aralıq seçkilərindən əvvəl Vaşinqtonla Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın əldə edilə biləcəyinə inanmırlar və 3 noyabrdan sonra münaqişənin gərginləşəcəyini istisna etmirlər.
Bu arada ABŞ Prezidenti Donald Tramp yenidən hiddətli bəyanatlar verir. Buna səbəb “Axios” nəşrində onun İrana bir təklif verdiyi barədə yayılan məlumatdır. Həmin məlumata görə, Tramp Tehrana sadəcə, nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağı və dondurulmuş aktivləri bərpa etməyi təklif edib.
Tramp bu məlumatı qətiyyətlə təkizb edib: “Bu, doğru deyil. Mən onlara heç nə təklif etməmişəm! “Axios”-un məqaləsi, əksər məqalələr kimi, yalnız Trampa nifrət sindromunu təmin etmək üçün hazırlanmış bir yalandır. Onlar bu yalan məqaləni dərhal silməlidirlər!”.
Bununla yanaşı, daha öncə Tramp İran və ABŞ-nin yeni əlaqələr qurduğunu təsdiqləyib. O, Ağ Evdə jurnalistlərə ABŞ-nin bu gün İran tərəfi ilə əlaqə saxladığını bildirib, lakin məsləhətləşmələrin nəticələri ilə bağlı şərh verməkdən imtina edib.
Ağ Ev rəhbəri jurnalistlərə deyib ki, İran guya heç vaxt nüvə silahı hazırlamayacağını elan etməyə hazırdır: “Onların heç vaxt nüvə silahı olmayacaq, onlar bunu başa düşürlər və bunu deməyə hazırdırlar”.
Bu arada “Əl-Hədət” televiziyasının məlumatına görə, İran doğrudan da ABŞ sanksiyalarının yüngülləşdirilməsi müqabilində uran zənginləşdirməsini dayandırmağa razılaşıb. Lakin İran rəsmiləri hələlik bu məlumata şərh verməyiblər. Eyni zamanda, “Əl-Ərəbiyyə” iddia edir ki, ABŞ və İran arasında razılığa gəlmə ehtimalı “son dərəcə aşağıdır”, çünki ciddi fikir ayrılıqları qalmaqdadır.
Bir sözlə, ciddi və dayanıqlı razılaşma ehtimalı o qədər də yüksək deyil. Əksər analitiklərin də qeyd etdikləri kimi, İran ətrafında vəziyyət böyük ehtimalla, yalnız ABŞ-də keçiriləcək 3 noyabr seçkilərindən sonra aydınlaşa bilər. /azpolitika.info
