Ermənistanın Rusiyaya yaxın dairələri “TRİP”-ə, yəni, “Tramp yolu” da deyilən Zəngəzur dəhlizinə qarşı bir növ “yeni alternativ” tapıblar.
İrəvanda keçirilən “Cənubi Qafqazda Nəqliyyat və Logistika Əlaqələrinin İnkişaf Perspektivləri” adlı konfransda yeni dəmir yol marşrutu barədə təklif səsləndirilib. Söhbət İrandan başlayaraq, Naxçıvandan keçməklə Ermənistan, Gürcüstan və Rusiyanı birləşdirməli olan dəmir yolu xəttindən gedir.
Qeyd edək ki, bu konfransı Rusiya Federasiyasının Rabitənin İnkişafı üzrə Milli Tədqiqat İnstitutu, İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzi və Şərqşünaslıq İnstitutunun Rusiya-Ermənistan Münasibətlərinin Öyrənilməsi Mərkəzi birgə keçirir.
İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Safaryan tədbirdəki çıxışı zamanı bildirib ki, regionda dəmir yolu əlaqələrinin bərpası və yenidən açılması məsələsi bir neçə ildir müzakirə olunur. Lakin mövcud vəziyyət əvvəlkindən fərqlənir, çünki Cənubi Qafqazda həm siyasi, həm də geosiyasi şərait ötən müddət ərzində əhəmiyyətli dərəcədə dəyişib.
O xatırladıb ki, Abxaziya vasitəsilə Tbilisi ilə Moskva arasında dəmir yolu xəttinin yenidən açılması ehtimalı ilk dəfə 2016-cı ildə müzakirə olunmağa başlayıb. Lakin bu təşəbbüs inkişaf etdirilməyib və faktiki olaraq dayandırılıb.
Onun sözlərinə görə, dəyişən regional vəziyyət nəqliyyat əlaqələrinin bərpası və Cənubi Qafqaz ölkələrini Rusiya və digər istiqamətlərlə birləşdirə biləcək yeni marşrutların tapılmasına dair müzakirələri yenidən canlandırıb.
Eyni zamanda, erməni ekspertin fikrincə, “Putin Yolu” digər nəqliyyat layihələrindən təcrid olunmuş, yaxud onlarla rəqabət üçün deyil, mövcud və inkişaf etməkdə olan regional nəqliyyat marşrutları ilə birlikdə nəzərdən keçirilməlidir. Bu zaman Safaryan xüsusi vurğulayıb ki, bütün bu prosesdə Rusiya dəmir yollarının potensialından istifadə edilməli və onun rolu artırılmalıdır. Onun sözlərinə görə, dəmir yolu xidməti bərpa olunarsa və maneələr aradan qaldırılarsa, Rusiya Dəmir Yolları Cənubi Qafqazın nəqliyyat və logistika sistemində əhəmiyyətli rol qazana və “regionda ən əhəmiyyətli oyunçu ola bilər”./azpolitika.info
