Onlayn alış-veriş imkanlarının genişlənməsi Azərbaycan istehlakçılarına xarici platformalardan daha rahat məhsul sifariş etmək imkanı yaradıb. Xaricdən daha münasib qiymətə məhsul əldə etmək imkanının artması yerli mağaza və sahibkarlar üçün rəqabəti də gücləndirir. Xüsusilə geyim, elektronika və müxtəlif məişət məhsulları üzrə xarici platformalara marağın artması yerli satışlara təsir göstərə bilər.
Bəs xaricdən sifarişlərin artması yerli sahibkarların fəaliyyətinə hansı təsiri göstərir? Yerli biznesin xarici platformalarla rəqabət aparması üçün hansı imkanlar və mexanizmlər mövcuddur?
Mövzu ilə bağlı açıqlama verən İngiltərə Kral İqtisad Cəmiyyətinin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib ki, Azərbaycanda istehlakçıların xaricdən məhsul almasına marağın artması ilə bağlı müəyyən meyllər müşahidə olunur.
Ekspertin sözlərinə görə, bunun əsas səbəblərindən biri daxili bazarda yerli istehsalçıların məhsullarının qiymətinin xarici bazardakı analoji məhsullarla müqayisədə daha yüksək olmasıdır. Bu vəziyyət bir sıra iqtisadi amillərlə bağlıdır: “Azərbaycanda sahibkarlıq subyektlərinin istehsal xərclərinin yüksək olması son nəticədə məhsulların qiymətinə də təsir göstərir. İstehsal məsrəflərinin yüksək olmasının əsas səbəblərindən biri müasir texnologiyaların iqtisadiyyata kifayət qədər tətbiq edilməməsidir”.
İqtisadçı hesab edir ki, investisiya qoyuluşlarının artırılması bu baxımdan mühüm rol oynaya bilər: “İnvestisiyaların iqtisadiyyata cəlb edilməsi yalnız maliyyə vəsaitlərinin artırılması ilə məhdudlaşmır, eyni zamanda texnologiya transferinə də imkan yaradır. Bu isə istehsal proseslərinin daha səmərəli qurulmasına və məsrəflərin azalmasına şərait yarada bilər”.

A. Əzimzadə xüsusilə daxili investisiyaların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Yerli sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə daha əlçatan mexanizmlərin yaradılması istehsalın inkişafına müsbət təsir göstərə bilər. Sahibkarlıq subyektlərinə tətbiq olunan bank faizlərinin onların rentabellik göstəricilərinə uyğun şəkildə müəyyənləşdirilməsi də mühüm məsələlərdəndir”.
Belə bir yanaşmanın yerli istehsalçıların maliyyə vəsaitlərinə çıxışını asanlaşdıra biləcəyini deyən ekspert hesab edir ki, bu, həm müasir texnologiyaların iqtisadiyyatda tətbiqini sürətləndirə, həm də istehsal xərclərinin aşağı salınmasına imkan verə bilər: “Nəticə etibarilə yerli sahibkarların və Azərbaycan istehsalçılarının maraqlarının qorunması, onların maliyyə və texnoloji imkanlarının genişləndirilməsi daxili istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir.
İstehsal xərclərinin azalması yerli məhsulların qiymət baxımından daha rəqabətli olmasına, bununla da daxili bazarda yerli istehsalın mövqeyinin güclənməsinə şərait yarada bilər”. /azpolitika.info
