Bu barədə sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur:
“Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər”.
Məlumata görə, son 50 il ərzində Azərbaycanda taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb:
“Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir.
Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir.
Qeyd edək ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır. Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər.
