Əmək bazarında texnologiyanın inkişafı və iqtisadiyyatın yeni istiqamətlərə yönəlməsi peşələrə olan tələbləri də dəyişir. Bəzi sahələrdə işçi çatışmazlığı müşahidə olunduğu halda, ənənəvi peşələrin bir qismi əvvəlki tələbatını itirə bilər. Bu proses gənclərin ixtisas seçimi və gələcək karyera planları baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda yaxın illərdə hansı peşələrə daha çox ehtiyac yaranacağı gözlənilir? Hazırda Azərbaycan əmək bazarında ən çox tələb olunan peşələr hansılardır?
Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda gəlirli ixtisas və fəaliyyət sahələri barədə məlumatları Dövlət Statistika Komitəsinin aylıq bülletenlərindən əldə etmək mümkündür.
Onun sözlərinə görə, ölkədə orta aylıq əməkhaqqının ən yüksək olduğu sahə neft-qaz sənayesidir: “Bu sektorda özəl və dövlət müəssisələri arasında əməkhaqqı göstəricilərində fərqlər olsa da, orta göstərici digər sahələrlə müqayisədə yüksəkdir. Özəl sektorda neft-qaz sənayesində orta aylıq əməkhaqqı təxminən 4 min manat civarındadır. İkinci yüksək gəlirli sahə kimi maliyyə sektoruu qeyd edərdim. Banklar, investisiya şirkətləri və digər maliyyə qurumlarında əməkhaqqı nisbətən yüksəkdir. Üçüncü yerdə telekommunikasiya və rabitə, daha sonra isə dağ-mədən sənayesi gəlir”.
Ekspert ixtisaslar üzrə tələbatdan danışarkən bildirib ki, son dövrlərdə proqram təminatı, informasiya texnologiyaları və süni intellektlə bağlı istiqamətlərə tələbat əhəmiyyətli dərəcədə artır. Yeni iş yerlərinin də daha çox bu sahələrdə yarandığını deyib: “Konkret rəqəmləri Dövlət Statistika Komitəsinin rəsmi saytından əldə etmək mümkündür. Ərazi baxımından isə Bakıda orta əməkhaqqının regionlarla müqayisədə təxminən 15-20 faiz yüksəkdir. Süni intellektin tətbiqini yalnız iş yerlərinin bağlanması prizmasından qiymətləndirmək düzgün deyil”.

İqtisadçı bunu traktorun kənd təsərrüfatına gətirdiyi dəyişikliklə müqayisə edib: “Əvvəllər 10 nəfər sahədə kotanla, mal-qara ilə ağır şəraitdə işləyirdisə, traktor həmin işi daha sürətli və səmərəli şəkildə yerinə yetirməyə başladı. Bunun nəticəsində müəyyən peşələr aradan qalxdı, lakin yeni peşələr yarandı və məhsuldarlıq artdı. Avtomatlaşdırma da eyni qaydada insanların həyatını asanlaşdırıb, onları mənasız və rutin işlərdən azad edib və məhsuldarlığın artmasına imkan yaradıb.
Süni intellektin sürətlə tətbiqi vacibdir. Bu texnologiya əmək məhsuldarlığını yüksəldə, insanların həyat keyfiyyətinin yaxşılaşmasına şərait yarada bilər. Süni intellekt ilk növbədə sadə, təkrarlanan və müəyyən qaydalar əsasında yerinə yetirilən işlərə təsir göstərəcək. Məsələn, mühasibatlıqda hesabatların hazırlanması kimi rutin proseslərin bir hissəsinin süni intellekt tərəfindən həyata keçirilməsi mümkündür. Bununla belə, mühasiblərə ehtiyac tamamilə aradan qalxmayacaq. Əksinə, bu sahədə təhlil, analitika və qərarverməyə dəstək kimi bacarıqlara tələbat artacaq. Eyni yanaşma marketinq sahəsinə də aiddir”.
Ekspertin fikrincə, sadə məzmunların hazırlanması kimi rutin tapşırıqların bir hissəsi süni intellekt tərəfindən yerinə yetirilə bilər. Bunun əvəzində marketoloqlardan strategiya qurmaq və məlumatları təhlil etmək kimi daha mürəkkəb bacarıqlar tələb olunacaq: “Logistika və istehsal sahələrində də avtomatlaşdırma genişlənəcək. Anbarlarda robotların istifadəsi buna nümunədir. Fəhlənin müəyyən məhsulu əl ilə götürüb başqa yerə yerləşdirməsi və ya texniki vasitəni idarə etməsi kimi təkrarlanan işlərin bir hissəsini robotlar həyata keçirə bilər. Amerikada bu proses artıq başlayıb. Məsələn, Amazonun anbarlarında robotlardan istifadə olunur. Robotlar bu işləri yerinə yetirəcək, insanlar isə həmin sistemlərə nəzarət etməli və onların sazlanmasını təmin etməlidirlər”.
X.Kərimli hesab edir ki, rutin və əlavə dəyəri nisbətən aşağı olan işlərin azalması ilə yanaşı, yeni ixtisaslara tələbat da artacaq. O, data analitikası, süni intellekt mühəndisliyi, kibertəhlükəsizlik və prompt mühəndisliyi kimi istiqamətləri buna nümunə göstərib: “İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrlara tələbat həddən artıq artacaq. Bu sahədə çoxlu yeni iş yerlərinin açılması gözlənilir”. Yaradıcılıq, ünsiyyət və kommunikasiya tələb edən, eləcə də texniki baxımdan mürəkkəb işlərdə süni intellektdən daha çox köməkçi vasitə kimi istifadə olunacaq. Bu sahələrdə çalışan mütəxəssislərin fəaliyyətinin tamamilə aradan qalxacağını gözləmək düzgün deyil”.
İqtisadçı Azərbaycanda süni intellektin tətbiqi üçün potensialın olduğunu bildirib.
“Gənc nəsil bu sahədə yeni bilik və bacarıqları mənimsəyə bilər. Süni intellektin istehsalatda və idarəetmədə tətbiqi Azərbaycanda hələ ilkin mərhələdədir. İnfrastrukturumuz, kadr potensialımız və strategiyamız hələ yeni-yeni formalaşır. Hələ tam hazır deyilik, lakin buna sürətlə hazırlaşmalıyıq”, – deyə ekspert fikirlərini yekunlaşdırıb./azpolitika.info
