Azərbaycanda qadınlara qarşı zorakılıq və qadın qətlləri son günlər yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə ailədaxili münaqişələr, boşanma istəyi, qısqanclıq və “sahiblik” düşüncəsi fonunda qadınların həyatına son qoyulması cəmiyyətdə ciddi narahatlıq doğurur. Hadisələrin bir-birinin ardınca baş verməsi isə problemin artıq ayrı-ayrı məişət münaqişələri çərçivəsində qiymətləndirilə bilməyəcəyini göstərir. Təkcə son bir həftədə Azərbaycanda bir neçə qadının öldürülməsi xəbəri yayılıb. Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhana İmanova yaşadığı evdə qətlə yetirilib və onun həyat yoldaşı şübhəli şəxs qismində saxlanılıb. Oktyabrın 3-də isə Tovuzun Qovlar şəhərində 45 yaşlı Nüşabə Hüseynova aldığı ağır yanıq xəsarətlərindən həyatını itirib; hadisə ilə bağlı onun 22 yaşlı oğlunun saxlanıldığı bildirilib. Və son faciəvi hadisə artıq oktyabrın 6-da Bakının Binə qəsəbəsində qeydə alınıb. 24 yaşlı Fatimə Rəhmanzadə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının 40 yaşlı həyat yoldaşı saxlanılıb.
Bu hadisələrdən əvvəl də sentyabr ayında ölkənin müxtəlif bölgələrində qadınlara qarşı ağır zorakılıq və qətl halları qeydə alınıb. Məsələn, siyahıda Göygöldə qadının əri tərəfindən, Qusarda isə tanışı tərəfindən öldürülməsi, Bakıda və Naxçıvanda qadınların yaxınları tərəfindən bıçaqlanması, eləcə də Bakıda iki qadının ərləri tərəfindən öldürülməsi kimi hallar yer alıb. Bütün bunlar qadınların ailə daxilində və yaxın münasibətlərdə təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mütəxəssislər hesab edir ki, bu cür aqressiyanın arxasında qısqanclıq, nəzarət etmək istəyi, patriarxal düşüncə, “sahiblik” psixologiyası, emosional idarəetmə problemi və xüsusilə münasibətin və ya boşanmanın qəbul edilməməsi kimi amillər dayana bilər.
Bəs qadınlara qarşı zorakılığın qətllə nəticələnməsinin qarşısını almaq üçün hansı mexanizmlər gücləndirilməlidir? Təhlükə siqnalları vaxtında necə müəyyən edilməli və qadınların real müdafiəsi necə təmin olunmalıdır?
Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb.

O bildirib ki, cəmiyyətdə qadınlara qarşı mənfi münasibətin və qadını günahlandıran yanaşmanın güclənməsi ciddi narahatlıq doğurur:
“Şübhəsiz ki, məni həmişə narahat edən məsələlərdən biri ictimai rəydə qadınlarla bağlı kifayət qədər təhlükəli tendensiyanın formalaşmasıdır. Qadına qarşı mənfi münasibətin, qadını günahlandıran və onun davranışlarını mühakimə edən düşüncənin getdikcə daha çox yayılmasını müşahidə edirik. Məni məyus edən məqamlardan biri də budur ki, bəzən qadınlar özləri də bu prosesə qoşulurlar. Təzyiqə məruz qalmamaq, damğalanmamaq və özlərini fərqli göstərmək üçün digər qadınların davranışlarını mühakimə edir, onların hərəkətlərinə bəraət qazandırmağa çalışırlar. Bu isə cəmiyyətdə qadınlarla bağlı mənfi stereotiplərin daha da möhkəmlənməsinə gətirib çıxarır”.
Mehriban Zeynalovanın sözlərinə görə, digər ciddi problem zorakılıq qurbanlarının təhlükəni vaxtında və düzgün qiymətləndirə bilməməsidir:
“İkinci mühüm məsələ zorakılıqla üzləşən şəxslərin təhlükəni vaxtında və real qiymətləndirə bilməməsi, eləcə də bəzən gec müraciət etməsidir. Məsələn, yaxın günlərdə Sumqayıtda baş verən hadisə ilə bağlı əldə etdiyim məlumata görə, qadın ilkin müraciətlərinə baxmayaraq, təhlükənin real miqyasını tam qiymətləndirmirdi. Hətta bacısının evinə getməklə özünü təhlükəsiz vəziyyətə gətirdiyini düşünürdü. Halbuki zorakılıq hallarında sadəcə ayrı yaşamaq və ya boşanmaq təhlükənin avtomatik aradan qalxması demək deyil. Bu baxımdan risklərin qiymətləndirilməsi mexanizmi çox vacibdir. Şəxs qaynar xəttə müraciət etdikdə onun vəziyyəti ilə bağlı xüsusi suallar verilməli, təhlükənin səviyyəsi müəyyənləşdirilməlidir. Əgər risk yüksəkdirsə, həmin şəxsin dərhal təhlükəsiz məkana, o cümlədən sığınacağa yerləşdirilməsi təmin olunmalıdır. Təəssüf ki, hazırda riskin sistemli şəkildə qiymətləndirilməsi istiqamətində problemlər qalmaqdadır”.
Ekspert hesab edir ki, zorakılığın qarşısının alınması üçün yalnız zərərçəkmiş şəxsin müdafiəsi ilə kifayətlənmək olmaz. Zorakılıq törədən şəxslərlə də sistemli iş aparılmalıdır:
“Digər vacib məsələ zorakılıq törədən şəxslərlə işin gücləndirilməsidir. Təkcə zərərçəkən qadının təhlükəsizliyini təmin etməklə kifayətlənmək olmaz. Zorakılıq törədən şəxsin davranışına nəzarət edilməli, onunla reabilitasiya və preventiv iş aparılmalıdır. Mühafizə orderləri də bu sistemin mühüm elementlərindən biridir. Lakin orderin verilməsi ilə proses bitmir. Onun tələblərinə əməl olunmasına nəzarət mexanizmi də effektiv işləməlidir. Mühafizə orderinin polis tərəfindən təqdim edilməsi, icrasına nəzarət və pozulduğu halda görülən tədbirlər kompleks şəkildə nəzərdən keçirilməlidir. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu istiqamətdə ciddi iş apardığını görürük. Düşünürəm ki, yaxın dövrdə qanunvericilikdə də müəyyən dəyişikliklərin şahidi ola bilərik. Burada əsas məqsəd zorakılıq törədən şəxslərlə bağlı daha ciddi tədbirlərin görülməsi, onların nəzarətdə saxlanılması və yalnız mühafizə orderi ilə kifayətlənməyərək reabilitasiya prosesinə cəlb edilməsidir. Bütün bunlarla yanaşı, ictimai rəydə qadınlarla bağlı formalaşan mənfi münasibət də ciddi narahatlıq doğurur. Bəzən elə bir təsəvvür yaradılır ki, qadın boşanmaq istəyirsə, buna görə cəzalandırılmalı, fərqli fikir ifadə edirsə, zorakılığa məruz qalması müəyyən mənada “haqlı” sayıla bilər. Bu, çox təhlükəli yanaşmadır. Sanki qadınla bağlı cəmiyyətdə daha əvvəl mövcud olmuş “müti, itaətkar, evin içərisində qalmalı və yalnız müəyyən edilmiş rolu yerinə yetirməli” obrazına qayıdışın təbliğ edildiyini görürük. Bu tendensiya isə olduqca narahatedicidir. Qadının öz həyatına və gələcəyinə dair qərar vermək hüququnun müzakirə mövzusuna çevrilməsi deyil, onun təhlükəsizliyinin təmin edilməsi əsas məsələ olmalıdır”./musavat.com
