Maraqların toqquşmasının aradan qaldırılması üçün atılacaq addımlar müəyyənləşir.
Sözügedən məsələ “Maraqlar toqquşması haqqında” Qanun layihəsində əksini tapıb.
Maraqlar toqquşmasının həlli vəzifəli şəxslərin öz qulluq mövqeyindən şəxsi maraqları naminə istifadə etmək imkanlarının müəyyən edilərək aradan qaldırılması yolu ilə həyata keçirilir və aşağıdakıları əhatə edir:
– şəxsi maraqların bəyan edilməsinin yoxlanılması, maraqlar toqquşmasının mümkün hallarının və onların həlli yollarının müəyyən edilməsi və təhlili;
– maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxsin rəhbərliyi tərəfindən görülən tədbirlər;
– maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxs tərəfindən müstəqil şəkildə görülən tədbirlər.
Maraqlar toqquşması ehtimalı olan vəziyyət barədə məlumat verən vəzifəli şəxs səlahiyyətli subyektlər tərəfindən maraqlar toqquşmasının həll edilməsinə dair qərar qəbul edilənədək öz xidməti vəzifələrinin icrasını maraqların toqquşması hissəsində müvəqqəti dayandırır.
Maraqlar toqquşmasını həll etmək üçün aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi görülür:
– vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakının məhdudlaşdırılması;
– vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması və dəyişdirilməsi;
– vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması;
– vəzifəli şəxsin maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi;
– aktivlərin özgəninkiləşdirilməsi;
– xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması;
– vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması;
– vəzifəli şəxsin fəaliyyətinə nəzarətin yenidən təşkili./oxu.az
