“6 il öncə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra işğaldan azad olunan ərazilərimiz genişmiqyaslı bərpa-quruculuq mərhələsinə qədəm qoydu. Böyük Qayıdış ilə bağlı birinci dövlət proqramının icrası bu il başa çatacaq və növbəti proqram 2027-2030-cu illəri əhatə edəcək”.
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən həmin ərazilərimizdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi:
“Bu müddətdə yalnız dövlət büdcəsindən həmin ərazilərimizin bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən keçən müddətdə işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 720.5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1 338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Strateji əhəmiyyət daşıyan 3 beynəlxalq hava limanı istifadəyə verilib”.
“Zəfərdən sonra milli təhlükəsizliyimizin və müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə intensiv məskunlaşma əsas prioritetlərdən olub. Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma isə Ağdam rayonunda qeydə alınıb. 8 300 nəfər artıq bu rayonumuzda məskunlaşıb. Cəbrayıl rayonunda isə 7 112 keçmiş məcburi köçkün öz ata-baba yurdlarına qayıdıb.
Onun sözlərinə görə, Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb:
“Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildə 1 milyard 548 milyon manat idisə, indi bu göstərici 6 milyard manata çatır. Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. 2020-ci ildə sözügedən iqtisadi rayonumuzda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 134 milyon manat idi. Artıq Şərqi Zəngəzurun 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru var”./oxu.az
