Qeyd: Bülletenlərin hesablanma prosesi davam etdiyi üçün məlumatlar və rəqəmlər mütəmadi olaraq yenilənir
ABŞ-də noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərində bülletenlərin hesablanması yekunlaşmaq üzrədir və aparıcı media şəbəkələrinin rəsmi elanına görə, ölkədə qüvvələr balansı tamamilə dəyişib.
İlkin rəqəmlər Prezident Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının ciddi mövqe itirdiyini göstərir.
Oxucularımızın dəyişən rəqəmləri rahat izləyə bilməsi üçün rəsmi mənbələrin hazırkı proqnozlarını dinamik cədvəldə təqdim edirik:
| Palata | Çoxluq üçün lazım olan yer | Demokratlar (Qazanılan) | Respublikaçılar (Qazanılan) | Son Durum |
|---|---|---|---|---|
| Nümayəndələr Palatası | 218 | 202 (Təsdiqlənən) / Liderdirlər | 121 (Təsdiqlənən) | Demokratlar çoxluğu qazandı (NBC elan etdi) |
| Senat | 51 | 52 (Təmin olunan yer) | 41 (Təsdiqlənən) | Demokratlar mütləq nəzarəti ələ keçirib |
Nümayəndələr Palatası və Senatda son vəziyyət
Aşağı palatada rəsmi hesablamalara görə Demokratlar 202, Respublikaçılar isə 121 yer qazanıb. Proqnozlar Demokratların 225-235, Respublikaçıların isə maksimum 160-184 yer qazanacağını göstərir. Demokratlar Nyu-Cersi, Kentukki, Şimali Karolina və Pensilvaniyada kritik dairələri geri alıblar.
Senatda Demokratlar 52 yer qazanaraq çoxluğu təmin ediblər. Texas, Kanzas, Ayova ştatlarında demokratlar qələbə qazanıb, Ohayoda Şerrod Braun yerini qoruyub.
Qubernatorluq seçkilərində tarixi ilklər
Konqreslə yanaşı keçirilən yerli seçkilərdə də respublikaçılar ağır zərbə alıb. Corciya ştatında demokrat Keişa Lens Bottoms qalib gələrək ABŞ tarixində ilk qaradərili qadın qubernator olub. Viskonsində ilk dəfə qaradərili qubernator (Devid Krouli), Ohayoda Emi Akton (2006-cı ildən bəri ilk demokrat qubernator), Nyu-Meksikoda isə Deb Haaland qalib gəlib. Texasda isə qubernator Qreq Ebbott demokrat rəqibinə uduzduğunu etiraf edib.
Rekord seçki Fəallığı və seçicilərin narahatlığı
Bu seçkilər həm də qeyri-adi fəallıqla yadda qayıb. Rəsmi məlumatlara görə, səsvermə gününə qədər 57 milyondan çox amerikalı vaxtından əvvəl və poçt vasitəsilə səs verib ki, bu da 2022-ci ilin rekordunu geridə qoyub.
Sosioloji sorğular göstərir ki, amerikalıların seçiminə ən çox təsir edən amillər ölkədəki iqtisadi çətinliklər (inflyasiya, yaşayış xərcləri) və Trampın xarici ticarət tarifləri olub. Eyni zamanda, son dövrlər İranla yaşanan hərbi-siyasi gərginliyin doğurduğu narahatlıqlar da respublikaçıların əleyhinə işləyib.
Ağ Evdə gərgin gözləntilər və trampın reaksiyası
CNN-in Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp nəticələri yaxın ətrafı ilə birlikdə izləyir. Mənbələr qeyd edir ki, Tramp özəl söhbətlərində partiyasının çox ağır bir ssenari ilə üz-üzə qaldığını rəsmən etiraf edib. Məğlubiyyətdən sonra sosial şəbəkədə açıqlama verən Tramp, respublikaçıların uğursuzluğuna bəraət qazandıraraq, “Əgər mənim adım bülletendə olsaydı, böyük fərqlə qalib gələrdik“ bəyanatını verib.
Konqresdəki məğlubiyyəti şərh edən D.Tramp bir qədər sonra verdiyi yeni bəyanatda Demokratlara meydan oxuyub. O, qanunverici orqanda nəzarəti itirsə də, icraedici hakimiyyətin rəhbəri olduğunu xatırladıb: “Mənim son söz demək səlahiyyətim var, buna veto deyilir”.
Ekspertlərin fikrincə, Demokratların Konqresdə tam üstünlük qazanması Trampın prezidentliyinin qalan iki ilində onun daxili qanunvericilik təşəbbüslərini, büdcə xərclərini, xüsusilə də İran və İsraillə bağlı xarici siyasət kursunu ciddi şəkildə bloklamağa imkan verəcək.
NBC və digər aparıcı şəbəkələrin rəsmi elanına əsasən, poçtla göndərilən və xaricdən gələn səslərin son qalıqlarının sayılması ştatların qanunvericiliyinə uyğun olaraq bir neçə gün çəkə bilər, lakin ümumi mənzərə artıq Demokratların tam qələbəsini rəsmiləşdirib./azpolitika.info
