ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında qələbə qazanaraq hər iki palataya nəzarəti ələ keçirməsi ölkənin daxili və xarici siyasət kursunda ciddi dəyişikliklərə yol açır.
Nüfuzlu “Reuters” agentliyinin təhlilinə görə, 2027-ci ilin yanvar ayından etibarən qanunverici orqanda tam üstünlük əldə edəcək demokratlar Prezident Donald Trampın administrasiyasının siyasətinə ciddi şəkildə nəzarət etmək və onun bəzi qərarlarını məhdudlaşdırmaq imkanı qazanırlar.
Agentlik Vaşinqtonun xarici və təhlükəsizlik siyasətində dəyişə biləcək 5 əsas istiqaməti müəyyənləşdirib:
1. İrana qarşı hərbi əməliyyatların məhdudlaşdırılması
Donald Тramp İrana qarşı hərbi əməliyyatlara Konqresin ilkin razılığı olmadan başlamışdı. Lakin indi demokratlar hərbi əməliyyatların maliyyələşdirilməsini məhdudlaşdırmaq, büdcə səlahiyyətlərindən istifadə etmək və administrasiyanın hərbi planlarını Konqreslə razılaşdırmağa məcbur etmək üçün büdcə mexanizmlərindən yararlana bilərlər. Bu məqsədlə müdafiə xərclərinin azaldılması, dövlət vəzifələrinə namizədlərin təsdiqinin ləngidilməsi və açıq parlament dinləmələrinin keçirilməsi kimi təzyiq vasitələrindən istifadə olunması nəzərdə tutulur.
2. Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılması
Tramp administrasiyası dövründə Ukraynaya birbaşa maliyyə və hərbi yardımların praktiki olaraq dayandırılması, həmçinin ABŞ prezidentinin Rusiya ilə dizil yanacağı tədarükünə dair bağladığı razılaşma təkcə demokratların deyil, bir sıra respublikaçıların da sərt tənqidinə səbəb olmuşdu. Hər iki palatada əksəriyyəti əldə edən demokratlar qanunvericilik gündəliyini müəyyən edərək Kiyevə yeni yardım paketlərini səsverməyə çıxara biləcəklər. Reuters qeyd edir ki, bu cür təşəbbüslər respublikaçıların da müəyyən hissəsinin dəstəyini ala bilər və əgər hər palatada səslərin üçdə ikisi təmin olunarsa, Konqres prezident vetosunu belə aşmaq imkanı qazanacaq.
3. İsrailə hərbi yardımların azaldılması
Demokratlar ABŞ-nin İsrailə hərbi yardımlarının həcmini yenidən nəzərdən keçirə bilərlər. Buraya illik 3,8 milyard dollar həcmində baza maliyyələşməsi (Trapın İsrail hakimiyyətinin təşəbbüsü ilə 2027-ci ildən etibarən dayandırılacağını elan etdiyi vəsait), həmçinin 2023-cü il oktyabrın 7-dən sonra ayrılan əlavə vəsaitlər daxildir. Yeni tərkibdə olan Konqres gələcək yardımların və silah tədarükünün həyata keçirilməsinə birbaşa təsir göstərmək səlahiyyətinə yiyələnir.
4. Hərbi xərclərin məhdudlaşdırılması və xarici yardımın bərpası
Tramp 2026-cı ildə hərbi büdcənin 67 faiz artırılaraq 1,5 trilyon dollara çatdırılmasını tələb etsə də, demokratlar İrana qarşı müharibə ilə bağlı məsləhətləşmələrin aparılmamasını və sosial proqramların maliyyəsinin kəsilməsini əsas gətirərək bu təşəbbüsü Senatda bloklamışdılar. Yeni Konqres hərbi xərcləri məhdudlaşdırmağa və Tramp administrasiyasının dondurduğu və ya ləğv etdiyi milyardlarla dollar dəyərində xarici yardımların bərpasına nail olmağa çalışacaq.
5. Latın Amerikası siyasətinə nəzarətin gücləndirilməsi
“Reuters”in qeyd etdiyi beşinci istiqamət Vaşinqtonun Latın Amerikası ölkələrinə münasibətinin yenidən nəzərdən keçirilməsidir. Demokratlar Venesuela istiqamətindəki hərbi addımlar, o cümlədən prezidentin hakimiyyətdən uzaqlaşdırılması cəhdləri və sahil yaxınlığındakı gəmilərə zərbələrlə bağlı parlament araşdırmaları və dinləmələri başlada bilərlər. Bəzi qanunvericilər həmçinin Kubaya qarşı dinc əhaliyə zərər vuran sanksiyaların əleyhinə çıxır və administrasiyanın digər dövlətlərin seçki proseslərinə müdaxiləsinə son qoyulmasını tələb edirlər.
Agentlik vurğulayır ki, demokratların qələbəsi ABŞ-nin xarici siyasətində avtomatik və dərhal kəskin dəyişikliklərə səbəb olmasa da – çünki prezident hərbi və diplomatik sahələrdə geniş səlahiyyətlərə malik olaraq qalır – 2027-ci ilin yanvarından etibarən Konqres Ağ Evin təşəbbüslərinə qarşı durmaq üçün büdcə qərarlarından, qanunvericilik məhdudiyyətlərindən və parlament nəzarətindən daha fəal şəkildə istifadə edəcək./azpolitika.info
