Nə istərsən məndən, dünya?
Suya həsrət torpağam,
Nə istərsən məndən, dünya?
Xəzan vurmuş yarpağam,
Nə istərsən məndən, dünya?
Yanıb, alışan oldum,
Ömrüm pərişan oldu,
Taleyim şan-şan oldu,
Nə istərsən məndən, dünya?
Yaşananlar hədərdir,
Nəyim var, illər dərdi.
Həyat qəmdi, kədərdi,
Nə istərsən məndən, dünya?
Məqam verdin nadana,
Yollar açdın yalana,
Haqqı saldın dalana,
Nə istərsən məndən, dünya?
Yığılmaz yoldan gözüm,
Həsrətə necə dözüm?
Budur sənə son sözüm,
Nə istərsən məndən, dünya?
14.10.2026
Köçək dünyadan
Biz bu dünyadan asılı qalmışıq,
Kəsilər ipimiz vaxtı çatanda.
Nadanlar əlində girinc qalmışıq,
Dağıdar aləmi fürsət düşəndə.
Yağış tək ələnir kədər üstümə,
Gələrlər dostlarım çıxan tüstümə.
Əlac yox, bu dərdə çarə qılmağa,
Əzrail gələcək canı almağa.
Axtarma doğrunu, düzü aləmdə,
Acı qarşılanar hər doğru sözlər.
Hər yerdə qarşına çıxar əngəllər,
Keçməz bu həyata saf düşüncələr.
Dünyanın nizamı pozulub, Qağa,
Ağıllı adamlar qalıb komada,
Cahillər əmr edir bəyaz sarayda,
Biçarə bülbülə dərs keçir qarğa.
Daha yaşamağın mənası yoxdur,
Günaha batmadan, könül qırmadan,
Heç vara-dövlətə tamah salmadan,
Kəsək ipimizi, köçək dünyadan.
13.09.2025
Gözlərim gözündən uzaq olsa da…
Gözlərim gözündən uzaq olsa da,
Könüldən könülə yollar uzanır.
Gecələr yuxumdan keçən qatardan,
Gül-çiçək səpilir, qollar uzanır.
O qatar sürətlə gəlib keçəcək,
Yuxular yuxumda laylam olacaq.
Məcnunu səhrada arayıb, gəzən,
Dönəcək ağ quşa Leylam olacaq.
O gedən qatarın dalınca inan,
Ağ atlı oğlan tək çapacağam mən.
Bir anlıq gözünü yumub, açınca,
Sənin vüsalına yetəcəyəm mən
Dünya malına tamah salmadım
Heç dünya malına tamah salmadım,
Kimsənin mülkünə göz yetirmədim.
Dostun sevincinə mən də sevindim,
Onun kədərinə yanıb, yaxıldım.
Hər zaman dostluqda vəfalı oldum,
Hər əhdinə sadiq, sözümü tutdum.
Yaxşılıq etdim, hər dönüklük gördüm,
Hamıdan xəbərsiz içimdə yandım.
Hər kəsin dadına yetmək istədim,
Açıq yaraları sarmaq istədim.
Qırıq könüllərin məlhəmi oldum,
Hər zaman məzlumun yanında durdum.
Qohuma, tanışa ürək qızdırdım,
Dərdinə, sərinə qəlbən üzüldüm.
Haqsız danışanın ağzından vurdum,
Qoymadım yalanı ayaq açmağa!
23.09.2026
Qələm
Qələmim dil olub, dillənir əldə,
Qəlbimdən süzülür arzu, istəklər.
Ürəyim köksümdə kükrər, çağlayar,
Hər zaman hər yerdə haqqı söyləyər.
Quş kimi uçubdur gözəl günlərim,
Geriyə qalıbdır şirin xatirəm.
Ümidlə yaşadım hər keçən günü,
Hər vaxt uca tutdum verdiyim sözü.
Vüsal atəşiylə yanan könülə,
Həsrət yollarını bağladım həmən.
Üzünə bağlanan eşq qapıları,
Taybatay açardım heç çəkinmədən.
10.11.2026
Kəndim
Sən mənim yurdum, gözəl məkanım,
Ən xoş günlərimin şahidi kəndim.
Dağlar qoynunda cənnət səfalım,
Əbədi xatirəm, Albalan kəndim.
Bənzəri olmayan elim, obamsan,
Ən çox sevdiyim ata ocağımsan.
Hər zaman qəlbimdə titrəyən telsən,
Mənim unudulmayan xatirəmsən.
Xoş olardım baharında, qışında,
Yürüyərdim çəmənində, düzündə.
Kolazla tutardım balıq çayında,
Süfrələr açardıq bulaq başında.
Ruhumu oxşayan dərələr, dağlar,
Xoş ətirli meyvəli bağlar.
Sən mənim cənnətim, əhdi-ilqarım,
Öləndə məzarım, a doğma kəndim.
20.10.2026
