“Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif etdik”.
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib:
“Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4%-ni təşkil edib. Ötən il 9965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb. Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”.
