Dövlətdən maaş alan səlahiyyət sahiblər haradan boylanırlar belə? Ki, kütləvi narazılıq doğuran bu tikintini görə bilmirlər.(?)
Belə davam edərsə Bakı şəhərinin Baş planı elə plan olaraq da, qalacaq. Necə ki, illərdir Antraktida buzlaqları kimi “donub qalıb”…
Xatırladaq ki, “Bakı şəhərinin Baş planı 2040” adlı Baş Plan növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
4 prioritetdən ibarət Baş Planın 2-ci prioriteti “Şəhər və ətraf mühitin regenerasiyası” adlanır…
Bu prioritetdə əsas 4 hədəf yer alır:
İctimai məkanların inkişaf etmiş sisteminin yaradılması
“Təmiz şəhər” yanaşmalarının tətbiq edilməsi
Ekologiyaya daimi diqqətin göstərilməsi
Ərazilərdən istifadəyə kompleks yanaşmanın təmin edilməsi
MADOsayağı unutqanlır…
Sevimli paytaxtımızın Baş Planından bu detalları xatırlamağımız təbii ki, təsadüf deyil…İllərdir Bakıda fəaliyyətdə olan MADO restoranlar şəbəkəsini tanımayan olmaz. Baxmayaraq ki, bu restoranların müştərisi olmaq bir o qədərdə, asan məsələ deyil…Ən azı yanından ötüb, adını eşitməyən olmaz.
İndi isə bu restoranla bağlı bir özəlliyi “Yenixeberorg.az”dan oxuyub, bilin. “MADO Nərimanov” adlanan və paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən restoranda köklü yenidənqurma işləri həyata keçirilir. Olsun, ilk baxışdan tikinti-abadlıq işləri təqdir olunasıdır. Amma,… “MADO Nərimanov”da bu işlər kütləvi narazılıqlara səbəb olur, ciddi suallar doğurur. Məsələ ondadır ki, bu ünvan necə deyərlər mövcud olduğu gündən istirahət parkı kimi tanınır. On illərdir ki, ətraf binada yaşayanlar bu parkda istirahət edirlər. İndi isə hansısa ağıllı hansısa maddi maraq səbəbindən insanların istirahət hüququnu görməzdən gəlir…Hansısa restoran ərazisi genişlənəcək, kim(lər)sə daha çox qazanacaq deyə, minlərlə insanın istirahət hüququ “ayaqlar altına atılır”.

Bir az da obrazlı desək, MADO hansı məmurların sayəsində “moda göstərir”(?)! Nə yazılmış, nə də yazılmamaış qanuna sığmayan bu özbaşınalıq paytaxt sakinləri ilə bərabər, aidiyyatı məsul şəxslərin gözü qabağında davam etməkdədir.
Əcəba, məsul şəxslər demişkən, Nərimanov Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin dövlətdən maaş alan səlahiyyət sahiblər haradan boylanırlar belə. Ki, kütləvi narazılıq doğuran bu tikintini görə bilmirlər.(?) Yoxsa məlumatları yoxdur. Elə biz də həm də, bu səbəbdən “Yenixeberorg.az” olaraq bu qurumlara başçılıq edənlərə-Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Elgin Həbibullayevə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab Vüsal Ağayevə – rəsmi sorğu ünvanladıq.
Hələlik bircə Nərimanov Rayon İcra Hakimiyyətindən cavab almışıq. O da, yarımçıq: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3 (Yeni qaydalarla: Təbriz küçəsi, giriş 179) ünvanında yerləşən “Mado” restoranının arxa hissəsində aparılan yenidənqurma və təmir işləri ilə bağlı məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti idarələrə tapşırıq verilmişdir.

Bu cavabı nə dərəcədə qaneedici saymaq olar, məlum deyil. Digər iki qurumla telefon əlaqəmizdə isə bildirildi ki, sorğumuz araşdırılır və mütləq cavablandırılacaq. Sorğumuzun bu qədər zaman alması özü də sorulası məsələdir(?)

Təbii ki, qarşı tərəfin də mövqeyi olmalıdır…Elə bu səbəbdən də, tikinti prosesinə rəhbərlik ednən məsul şəxslə əlaqə yaratdıq. Coşqun adlı şəxs müvafiq icazə sənədləri ilə bağlı sualımızı cavabsız qoyub da, hansısa araşdırma aparmağımızın mümkünsüzlüyünü israr etdi(?) Olsun, bu da bir “mövqe”dir…/Yenixeberorg.az





