“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti bir mənbədən satınalma metodu tətbiq etməklə 200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üzrə tenderə yekun vurub. Qalib “Azerbaijan Energy Automotive Factory” MMC seçilib və tərəflər arasında 102.000.000 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 09.07.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
“BakuBus” MMC-nin yüz milyon manat dəyərində müqavilə bağladığı şirkət haqqında nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Azerbaijan Energy Automotive Factory” (VÖEN: 1703890241) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SƏBAİL RAYONU, AZADLIQ PR., ev.1, qanuni təmsilçisi kimi isə Rüstəmov Tariyel Nazim oğlu qeyd olunub. O, daha əvvəl “ISR Holding”in maliyyə direktoru olub.
Mediada yayılan məlumata görə 2024-cü ilin ilin noyabrında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Yeni qeydiyyata alınan rezident tərəfindən Sənaye Parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalı həyata keçiriləcək. Şirkət tərəfindən istehsal ediləcək elektrik mühərrikli avtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan BYD “K9UD” model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.
Qeyd edək ki, “BakuBus” MMC-nin direktoru Hikmət Qəribov Əbdürrəhman oğludur. O, bu vəzifəyə 2024-cü ilin aprelində təyin edilib.
Aktualinfo.org
