Florida ştatının Mayami şəhərində keçirilən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə “Suspilne” xəbər verib.
Məlumata görə, tərəflər danışıqların əsas məqsədini yalnız döyüş əməliyyatlarının dayandırılması deyil, həm də Ukraynanın “bir daha heç vaxt işğala məruz qalmayacağı” şəraitin yaradılması kimi müəyyən ediblər. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov danışıqlardan sonra bəyan ediblər.
Dövlət katibi görüşü Cenevrədə aparılan danışıqların səmərəli davamı adlandırıb və Vaşinqtonun məqsədinin sadəcə müharibəni bitirməkdən ibarət olmadığını vurğulayıb.
“Biz Ukraynanın daimi olaraq təhlükəsiz olmasına, bir daha heç vaxt işğalla üzləşməməsinə yardım etmək istəyirik… Arzumuz odur ki, Ukrayna xalqı bu müharibədən təkcə ölkəni bərpa etməklə deyil, onu tarixində olduğundan daha güclü və daha varlı hala gətirərək çıxsın”, – Rubio bildirib.
Rubio prosesi “çətin və həssas” adlandırıb. O həmçinin diplomatik səylərin növbəti mərhələsini elan edərək xüsusi nümayəndə Stiv Uitkoffun bu həftənin sonlarında Moskvaya gedəcəyini açıqlayıb.
Bundan əlavə, Rubionun sözlərinə görə, ABŞ müxtəlif səviyyələrdə Rusiya tərəfi ilə əlaqə saxlayır və onların baxışlarını “kifayət qədər yaxşı anlayır”.
Umerov isə danışıqların uğurunu təsdiqləyib və ABŞ komandasına gördükləri iş üçün təşəkkür edib.
“Biz Ukrayna və Ukrayna xalqı üçün bütün vacib məsələləri müzakirə etdik və ABŞ qeyri-adi dərəcədə dəstək göstərdi. Hədəfimiz çiçəklənən və güclü Ukraynadır”, – o vurğulayıb.
Qeyd edək ki, görüşün əvvəlində ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, sülh sazişi Ukraynanı suveren, müstəqil və inkişaf edən bir dövlət kimi saxlayacaq.
“Burada söhbət sadəcə müharibənin başa çatmasından getmir, söhbət müharibənin elə bir şəkildə başa çatmasından gedir ki, bu onların müstəqil və suveren olaraq qalmasına, bir daha müharibə yaşamamasına və xalq üçün böyük rifah yaratmasına imkan verəcək mexanizm və yol açır. Bu, sadəcə ölkəni bərpa etmək deyil, fövqəladə iqtisadi tərəqqi dövrünə daxil olmaq deməkdir. Ukraynanın böyük iqtisadi potensialı var, Ukraynanın həqiqi rifah üçün geniş imkanları var. Aydındır ki, bunu müharibənin qızğın vaxtında əldə etmək mümkün deyil, lakin müharibənin bitməsi də kifayət etməyəcək. Ona görə də söhbət sadəcə sülh sazişlərindən deyil, Ukraynanı suveren, müstəqil və çiçəklənən ölkə kimi saxlayacaq irəliləyiş yolunun yaradılmasından gedir”, – deyə o, bəyan edib.
