Karpenter: “Bu vəziyyəti yalnız bir tərəfin iqtisadi və ya hərbi çöküşü dəyişə bilər”
ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Şurası rəsmisi, diplomat-səfir Maykl Karpenter dünən Moskvada keçirilən Rusiya–ABŞ danışıqlarını kəskin şəkildə tənqid edib. O bildirib ki, prosesin özü irəliləyişə imkan verməyəcək şəkildə qurulub və Uitkoffun yanaşması Moskvaya sərf edir.
“Kiyev Post”a açıqlamasında o deyib: “Stiv Uitkoff danışıqlar prosesində ardıcıl olaraq Rusiyanın maraqlarını irəli sürüb. O səbəbdən onun Moskvada yaxşı qarşılanmasına təəccüblənmək lazım deyil”. Karpenter əlavə edib ki, istənilən layihələşdirilmiş sülh planı eyni zamanda həm Kiyevi, həm də Moskvanı qane edə bilməz.
Onun sözlərinə görə, əsas geosiyasi problem bundan ibarətdir: Ukraynanın strateji məqsədi suveren, demokratik dövlət kimi yaşamaq və Aİ-yə inteqrasiya etməkdir. Putin isə bu nəticəni Rusiya üçün strateji məğlubiyyət hesab edir.
“Cəbhə xəttinin harada dondurulmasından asılı olmayaraq, Ukraynanın suveren demokratiya kimi yaşamaq məqsədi ilə Rusiyanın imperial üstünlük məqsədi arasında ziddiyyət heç vaxt həll olunmayacaq”, – Karpenter bildirib. “Bu vəziyyəti yalnız bir tərəfin iqtisadi və ya hərbi çöküşü dəyişə bilər”, – o vurğulayıb.
Diplomatın fikirləri Avropada geniş yayılmış narahatlığı əks etdirir: tərəflərin strateji hədəfləri üst-üstə düşmür və danışıqlar real sülh yolu deyil, siyasi illüziya teatrına çevrilə bilər.
Moskva görüşü beş saat davam etsə də, Kremlin məlumatına görə, ərazi məsələsində “sıfır yaxınlaşma” qeydə alınıb. Bu da onu göstərir ki, sızdırılmış 28 maddəlik Rusiya tələblər paketi tərəflər üçün başlanğıc nöqtəsi olaraq qalır və Avropada bu sənəd “faktiki kapitulyasiya tələbi” kimi qiymətləndirilir. /azpolitika.info
