Bir neçə günlük məsləhətləşmələrdən sonra Ukrayna Avropalı müttəfiqləri ilə razılaşdırdığı cavabı ABŞ-yə təqdim edib.
Bu barədə “Axios” nəşri və “Bloomberg” agentliyi ukraynalı və amerikalı rəsmilərə istinadla xəbər yayıb.
Sənədi ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov təqdim edib. Ukraynalı rəsmilərdən biri bildirib ki, cavab sənədi “bütün bunların icra olunan olması üçün” şərhlər və təkliflərdən ibarətdir. Bundan əlavə, onun sözlərinə görə, sənəd ərazi məsələləri və Zaporojye AES kimi mübahisəli mövzular üzrə yeni ideyalar da ehtiva edir.
Bu həftənin əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski Bloomberg-ə açıqlamasında bildirmişdi ki, danışıqlar aparan tərəflər hələ də yeddi “həssas məsələdə” — təhlükəsizlik təminatları və Ukraynanın şərq bölgələrinin nəzarəti də daxil olmaqla razılığa gələ bilmirlər. Dekabrın 11-də ABŞ və Ukrayna Amerika sülh planının ayrı-ayrı bəndlərinin müzakirəsini davam etdirəcək. “Axios”un məlumatına görə, ABŞ və Ukraynanın yüksək rütbəli hərbçiləri onlayn formatda görüş keçirəcəklər.
ABŞ Prezidenti Donald Tramp 10 dekabrda Ukrayna mövzusunu Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers ilə müzakirə edib. Daha sonra Tramp jurnalistlərlə söhbətində bildirib ki, o və Avropa liderləri “kifayət qədər sərt ifadələr” mübadiləsi aparıblar, lakin təfərrüatları açıqlamaqdan imtina edib: “Gözləyək, görək nə olacaq. İrəliləmədən əvvəl cavabları gözləyirik”, – deyə “Axios” Trampın sözlərini sitat gətirir.
Eyni zamanda Tramp bildirib ki, Avropa tərəfi ilə “çox canlı fikir mübadiləsi” aparılıb və ondan ABŞ nümayəndələrini həftəsonu Avropada Vladimir Zelenski ilə görüşə göndərməyi xahiş ediblər ki, növbəti addımlar müzakirə edilsin. O həmçinin yenidən iddia edib ki, Ukraynada uzun müddətdir seçkilər keçirilmir və həmin ölkə “genişmiqyaslı korrupsiya” ilə üzləşib.
Böyük Britaniya hökumətinin saytında yayılan bəyanatda qeyd olunub ki, “sülh planı üzərində intensiv iş davam edir və qarşıdakı günlərdə də davam edəcək”: “Onlar razılaşdılar ki, bu, Ukrayna, onun xalqı və bütövlükdə Avroatlantik regionun təhlükəsizliyi üçün həlledici məqamdır”. Starmer vurğulayıb ki, “Ukraynaya dair məsələlər Ukraynanın öz işidir”.
Daha əvvəl Zelenski demişdi ki, Ukraynanın təklifləri ABŞ-yə dekabrın 10-da təqdim ediləcək. O bildirmişdi ki, Ukrayna, Avropa və ABŞ arasında danışıqlar çərçivəsində sülhün əsasını təşkil edəcək üç sənəd hazırlanır: birbaşa sülh planı (məzmunu dəyişir), təhlükəsizlik təminatları haqqında sənəd və Ukraynanın bərpasına dair sənəd.
“Financial Times” yazır ki, Tramp razılaşmanın “Miladdan əvvəl” əldə olunacağına ümid edir. Lakin ABŞ Prezidenti konkret vaxt deməyib. CNN qeyd edir ki, Avropada belə narahatlıq var: sonda ABŞ administrasiyası sülh prosesinin pozulmasına görə Ukraynanı və Aİ-ni günahlandıra və vasitəçilikdən, eləcə də Ukraynaya dəstəkdən imtina edə bilər.
“Politico”ya müsahibəsində Tramp bu ehtimalların “tam olaraq doğru olmadığını” bildirib. Eyni zamanda o, Rusiyanın hazırda döyüş meydanında üstünlükdə olduğunu vurğulayaraq Zelenskini ABŞ-ın sülh təşəbbüsünü qəbul etməyə çağırıb. /azpolitika.info
