ABŞ Ukraynaya öz qoşunlarını yerləşdirmədən təhlükəsizlik zəmanətləri verməyə hazırdır və Ağ Ev bu çərçivədə hazırlanan mümkün razılaşmanı Senatda təsdiqlətməyi planlaşdırır.
Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna üçün müzakirə olunan təhlükəsizlik zəmanətlərinə Rusiyanın mümkün atəşkəs pozuntusu halında ABŞ-nin NATO ərazisində yerləşdirilən “F-35” qırıcıları, “Tomahawk” qanadlı raketləri və ya oxşar hərbi sistemlərdən istifadə etməsi də daxil ola bilər.
Qeyd olunur ki, atəşkəsə nəzarət məqsədilə ABŞ-nin xüsusi monitorinq missiyasının yaradılması gözlənilir. Bununla belə, Amerika qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi nəzərdə tutulmur.
Mənbələrin bildirdiyinə görə, planlaşdırılan zəmanətlər mahiyyət etibarilə Vaşinqtonun Yaponiya və Cənubi Koreya ilə bağladığı ikitərəfli müdafiə müqavilələrinə bənzəyir.
Xatırladaq ki, daha əvvəl “The New York Times” qəzeti Avropa komponentinin Ukrayna daxilində NATO formatından kənar qüvvələrin yerləşdirilməsini nəzərdə tutduğunu yazmışdı. Bu yanaşma artıq Rusiyanın etirazına səbəb olub.
ABŞ hələlik təhlükəsizlik zəmanətlərinin detallarını rəsmi şəkildə təsdiqləməyib. Eyni zamanda, yeni təkliflərin Donald Trampın Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsini qadağan edən planının ilkin versiyası ilə ziddiyyət təşkil etdiyi bildirilir.
Məlumata görə, sözügedən plan gələn həftə Rusiya tərəfinə təqdim olunmaq üçün Moskvaya aparılacaq. /azpolitika.info
