Suriyada PKK terror təşkilatının qolu sayılan SDQ-yə qarşı hərbi əməliyyat ehtimalı gündəmə gəlib.
Türkiyə KİV-lərinin yazdığına görə, Suriyada 10 mart tarixində imzalanmış razılaşmanın icrası üçün nəzərdə tutulan son müddətin – 31 dekabrın yaxınlaşmasına baxmayaraq, SDQ öhdəliklərini yerinə yetirməyib.
Məlumata əsasən, 2025-ci il martın 10-da bağlanan razılaşma SDQ qüvvələrinin Suriya ordusuna inteqrasiyasını, hava limanları, neft yataqları, eləcə də İraq və Türkiyə ilə sərhəd-keçid məntəqələri daxil olmaqla, bölgədəki bütün inzibati strukturların mərkəzi hökumətin nəzarətinə verilməsini nəzərdə tuturdu. Bu prosesin tamamlanması üçün SDQ-yə 31 dekabr 2025-ci ilədək vaxt tanınsa da, indiyədək razılaşmanın səkkiz maddəsindən heç biri icra olunmayıb.
Xəbərdə qeyd edilir ki, Dəməşq rəhbərliyi 31 dekabrdan sonra atılacaq addımlarla bağlı yol xəritəsini artıq müəyyənləşdirib və terrorçulara verilən müddətin uzadılması nəzərdə tutulmur.
Eyni zamanda vurğulanır ki, Türkiyə SDQ-yə qarşı mümkün hərbi əməliyyat zamanı Suriya hökumətinə dəstək verməyə hazırdır. Bildirilir ki, Fəratın şərqində planlaşdırılan əməliyyat Dəməşqin istəyi ilə həyata keçirilərsə, Ankara prosesdə fəal iştirak edəcək. Türkiyənin milli müdafiə naziri dəfələrlə bəyan edib ki, Türkiyə keçmişdə Suriyada ABŞ və Rusiyanın bölgədə olmasına baxmayaraq, heç kimdən icazə almadan lazımi addımları atıb və gələcəkdə də zərurət yaranarsa, eyni şəkildə hərəkət edəcək.
