Ukrayna Rusiya lideri Vladimir Putinin prezident iqamətgahına hücum edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Hadisənin detalları məlum deyil.
Rusiya xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı açıqlamasında bildirib: “Ukrayna Putinin Novqoroddakı rezidansına hücum etməyə cəhd göstərib. Doxsan bir PUA buraxılıb və vurulub. Putinin iqamətgahına hücumdan sonra Rusiyanın cavab zərbəsinin hədəfləri və vaxtı müəyyən edilib Rusiya buna cavab verəcək və danışıqlardakı mövqeyini dəyişəcək”.
“Rusiyanın danışıqlar mövqeyi Kiyev rejiminin dövlət terrorizmi siyasətinə son keçidi nəzərə alınmaqla nəzərdən keçiriləcək”, -deyə, Lavrov bildirib.
Ukrayna isə Putinin iqamətgahına edilən hücumu təsdiqləməyib.
Prezident Volodimir Zelenski öz teleqram kanalında yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum cəhdi ilə bağlı səslənmiş bəyanat həqiqətə uyğun deyil.
“Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir, açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır”, – paylaşımda qeyd olunur.
