ABŞ-nin Venesuelaya hücumu tam gözlənilməz deyildi, çünki ABŞ Prezidenti Donald Tramp çoxdan bu ölkənin işlərinə müdaxilə etmək istəyini bildirmişdi.
Bunu yazan “Financial Times” qəzeti Vaşinqtonun daha əvvəl Venesuela qayıqlarını məhv etməsini və narkotik qaçaqmalçılığı ittihamlarını qeyd edib.
Jurnalistlər qeyd edirlər ki, ən çox narahatlıq doğuran məsələ əməliyyatın özü deyil, Trampın ABŞ-nin “Venesuelanı idarə edəcəyini” və Amerika şirkətlərinin bu ölkənin neft sənayesini ələ keçirəcəyini elan etməsidir.
Nəşr yazır ki, Tramp indi ABŞ-nin beynəlxalq qaydalara və qanunlara riayət etmədiyinə, həm də öz yarımkürəsindəki və ehtimal ki, digər bölgələrdəki bütün məsələlərə müdaxilə etməyə hazır olduğuna dair açıq bir siqnal göndərir: “Cənubi Amerikanın böyük bir dövlətinin suverenliyinin açıq şəkildə pozulması dünyanın qalan hissəsinə qaranlıq bir siqnal göndərir. Bu, Amerikanın təkcə ikiüzlü olması deyil, həm də Trampın gücün hakim olduğu bir dünyanı idarə etməyə hazır olduğuna dair işarədir”.
Jurnalistlər yazır ki, Tramp hətta bu əməliyyat üçün nə Konqres, nə də BMT-dən dəstək almağa cəhd belə etməyib: “Şübhəsiz ki, bu, məsələn, Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı Qərb dəstəyinin səfərbər edilməsini daha da çətinləşdirəcək”.
Nəşr qeyd edir ki, Maduro hakimiyyəti üçün az adam darıxacaq: “Lakin problem ondadır ki, Trampı bundan sonra nə olacağı az maraqlandırır. Ağ Evin Venesuelada tam rejim dəyişikliyini istəyib-istəmədiyi hələ də bəlli deyil”.
Qəzetin yazdığı kimi, Venesuelada müxalifət yeni nizamın köhnəyə çox bənzəyəcəyindən, yalnız hakimiyyəti fərqli bir sima idarə edəcəyindən narahatdır: “Son onilliklər ərzində ABŞ tiranları növbəti gün üçün plan olmadan devirməyin təhlükələrini göğrüb. Deyəsən, onlar yenə də eyni şeyi edirlər. “Hər şeydən öncə Amerika ” gündəliyini həyata keçirərkən təkəbbürlü Tramp sakit görünür. Lakin Amerika və dünya bu ağılsızlığa görə peşman olacaq”.
Bu arada “Le Monde” jurnalistlərinin fikrincə, ABŞ-nin Venesueladakı əməliyyatı Kremlə geosiyasi zərbə olub.
“The New York Times” isə əməliyyatın Ukrayna üçün nəticələrini qeyd edir. Jurnalistlərin fikrincə, ABŞ-nin hərəkətləri Rusiyaya zərbə olsa da, əməliyyatın özü Rusiyanın Ukraynaya qarşı təcavüzünü çox xatırladır. /azpolitika.info
