Venesuelanın vətəndaşların təhlükəsizliyi üzrə vitse-prezidenti, daxili işlər və ədliyyə naziri Diosdado Kabello ABŞ-nin ölkəyə hərbi müdaxiləsi nəticəsində ölənlərin sayının 100-ə çatdığını açıqlayıb. Dövlət televiziyası VTV-yə danışan Kabello bildirib ki, hücum zamanı onlarla insan yaralanıb, ölənlər arasında mülki şəxslər və evlərində olan qadınlar da var.
Nazirin sözlərinə görə, ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores də xəsarət alıb. Kabello bildirib ki, Flores baş nahiyəsindən, Prezident Maduro isə ayağından yaralanıb.
“ABŞ hərbçiləri Karakasdakı əməliyyat zamanı Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirərkən onun həyat yoldaşı Siliya Floresi özləri ilə aparmağı planlaşdırmayıb” , . deyə Kabelo açıqlayıb.
O vurğulayıb ki, Siliya hərbçilərdən onu da Maduro ilə birgə aparmağı xahiş edib.
“Ölkəmizə qarşı həyata keçirilən hücum son dərəcə dəhşətli idi. Bu reallıqdır və bunu gizlətmək mümkün deyil. Hazırda 100 ölü və bir o qədər də yaralı var. Venesuela xalqı ləyaqətli və cəsarətli xalqdır”, – deyə Kabello vurğulayıb.

Nazir həmçinin ABŞ bombardmanı zamanı güclü partlayışlar nəticəsində hərbi əməliyyatlarla əlaqəsi olmayan mülki şəxslərin də həyatını itirdiyini bildirib. O, hücum zamanı Venesuelada olan kubalıların, təhlükəsizlik qüvvələrinin üzvlərinin və evlərində yatarkən öldürülən şəxslərin də qurbanlar arasında olduğunu qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də paytaxt Karakasda gecə saatlarında partlayış və təyyarə səsləri eşidilmişdi. Venesuela hakimiyyəti baş verənlərdə ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham etmişdi.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı əməliyyat keçirildiyini və Prezident Maduro ilə həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı. ABŞ Ədliyyə Nazirliyi isə Nikolas Maduro və Siliya Floresə qarşı “narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı ağır silahların istifadəsi” maddələri ilə ittiham irəli sürüldüyünü bildirmişdi.
Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb. Bir sıra ölkələr hücumu pisləyib, digərləri isə Vaşinqtona dəstək verən açıqlamalarla çıxış edib. /azpolitika.info
