ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətindən nüvə silahı yaratmaqdan imtina edilməsini nəzərdə tutan razılaşmaya aparan danışıqlara dərhal başlamağı tələb edib. Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazdığı paylaşımda xəbərdarlıq edib ki, əks halda ABŞ-nin İrana qarşı yeni zərbələri ötən ilin yayındakı hücumlardan “qat-qat ağır” olacaq.
Bu bəyanat ABŞ-nin Yaxın Şərq bölgəsində hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir. Belə ki, bölgəyə “Avraam Linkoln” aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu göndərilib. Aviadaşıyıcının göyərtəsində onlarla döyüş təyyarəsi yerləşdirilib. Donald Tramp İran ətrafında hərbi qüvvələrin cəmləşdirilməsini Karib dənizində yaradılmış və Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında istifadə olunmuş hərbi-dəniz qruplaşması ilə müqayisə edib.
CNN telekanalı Ağ Evdəki mənbələrinə istinadən xəbər verir ki, Tramp administrasiyası İran ərazisində genişmiqyaslı hava zərbələrinin endirilməsi variantını ciddi şəkildə nəzərdən keçirir. Buna səbəb İranın nüvə proqramı və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı Tehranla aparılan ilkin məsləhətləşmələrin nəticəsiz qalmasıdır.
Mənbələrin məlumatına görə, mümkün zərbələrin hədəfi İranın ali siyasi rəhbərliyi, təhlükəsizlik qüvvələrinin rəhbərləri, etirazçıların öldürülməsinə görə məsul şəxslər, eləcə də nüvə proqramı ilə bağlı istehsal və anbar obyektləri, dövlət qurumları ola bilər. ABŞ kəşfiyyatı İranın ötən ilin yayında endirilmiş zərbələr nəticəsində sıradan çıxmış uranın zənginləşdirilməsi obyektlərini bərpa etməyə cəhd göstərdiyi barədə məlumatlar əldə edib. Bundan başqa, İranın MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsi də Vaşinqtonda ciddi şübhələr doğurur.
İranın xarici işlər naziri Abbas Araqçi isə çərşənbə günü verdiyi açıqlamada bildirib ki, İran silahlı qüvvələri ölkəyə qarşı “istənilən təcavüzə dərhal və güclü şəkildə” cavab verməyə hazırdır. Amerikalı ekspertlərin fikrincə, İran regiondakı ABŞ bazalarına və Vaşinqtonun müttəfiqlərinə, ilk növbədə İsrailə zərbə endirmək üçün kifayət qədər böyük raket arsenalına malikdir./azpolitika.info
