ABŞ ordusu bu şənbə – 21 fevral tarixində İrana zərbə endirməyə hazırdır.
“CBS News”-un məlumatlı mənbələrə istinadla verdiyi məlumata görə, yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri bu barədə ABŞ Prezidenti Donald Trampa məlumat veriblər. Kanalın mənbələrinə görə, Tramp hələlik yekun qərar verməyib, lakin Ağ Evdə “dinamik və davam edən” müzakirələr aparılır. Xüsusilə, eskalasiya riskləri, eləcə də bunun siyasi və hərbi nəticələri ölçülür.
CBS mənbəyindən biri qeyd edib ki, Pentaqon son günlərdə bəzi hərbi personalını müvəqqəti olaraq Yaxın Şərqdən Avropaya və geri ABŞ-yə köçürür. Bu, adətən İranın cavabı halında ABŞ qoşunlarını qorumaq üçün potensial hərbi əməliyyatdan əvvəl baş verir.
Bu arada, Ağ Evin mətbuat katibi Kerolin Livit deyib ki, “İrana zərbə endirmək üçün bir çox səbəb və arqument var, lakin Tramp əsasən diplomatiyaya güvənir, İranın Prezident Tramp və onun administrasiyası ilə razılığa gəlməsi çox ağıllı olardı”.
Bir gün əvvəl ABŞ Prezidentinin müşavirlərindən biri “Axios”-a bildirib ki, ABŞ ordusunun yaxın gələcəkdə İrana zərbə endirmə ehtimalı 90% təşkil edir. O qeyd edib ki, əməliyyat hədəf hücumlarından daha çox “tammiqyaslı müharibəyə daha çox bənzəyən” bir kampaniya olacaq.
Bu fonda İsrail ən yüksək müharibə hazırlığı səviyyəsini elan edib. Təl-Əviv çox güman ki, bu hərbi kampaniyaya qoşulacaq. İsrail rəsmiləri İran rejimini devirməyə, onun nüvə və raket proqramlarını ləğv etməyə ümid edirlər.
Qeyd edək ki, 17 fevralda Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqların mərhələsi keçirilib. “Reuters”-in məlumatına görə, ABŞ Tehranı iki həftə ərzində fikir ayrılıqlarını həll etmək üçün ətraflı təkliflər təqdim etməyə çağırıb./azpolitika.info
