ABŞ-nin İranla Pakistanda keçiriləcək danışıqlarda nümayəndə heyətinin başçısı vitse-prezident C.D.Vens olacaq. İran heyətinə isə parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik edəcəyi bildirilir.
Ümumiyyətlə, Qalibafın adı Əli Xameneinin və xüsusilə də onun baş məsləhətçisi sayılan Əli Laricaninin öldürülməsindən sonra İranın idarə edilməsində əsas fiqur kimi tez-tez çəkilir. Məhz Laricani Əli Xameneidən sonra əsas qərar verən və hamının tabe olduğu şəxs sayılırdı və yalnız onun ölümündən sonra Qalibaf aparıcı şəxs kimi üzə çıxdı.
Son vaxtlar onun adı ABŞ-nin təmas qurduğu əsas fiqur kimi daha çox halandırılır. Bu da təsadüfi deyil. Belə görünür ki, Qalibaf doğrudan da İranın hazırkı idarəetmə struktuturunda taleyi hələ də tam aydın olmayan Müctəba Xameneidən fərqli olaraq, real aparıcı fiqurdur. Məhz buna görə Donald Tramp hələ martın sonlarında öz elçilərinin İranın “ən vacib şəxsi” ilə danışıqlar apardığını söyləyərkən Xameneini yox, məhz Qalibafı nəzərdə tuturdu…
Məhəmməd Bağır Qalibaf 1961-ci ildə İranın şimal-şərqində yerləşən Məşhəddə anadan olub. Onun atası Hüseyn Qalibafın milliyətcə kürd, anası Xeyir al-Nasanın fars olsuğu bildirilir.

Qalibaf Tehran Universitetində bakalavr dərəcəsi (sonradan orada professor olub) və İslam Azad Universitetində magistr dərəcəsi alıb.
O, hələ19 yaşında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub. İran-İraq müharibəsi zamanı Qalibafın karyerası çox sürətlə irəliləyib. Həm də hərbi pilot olan Qalibaf 1990-cı illərin sonlarında hərbi rəhbərliyin ən yüksək eşelonlarına yüksəlib və SEPAH-da hərbi hava qüvvələrinə rəhbərlik edib.
Qalibaf 2020-ci ildə öldürülən general Qasım Süleymaninin yaxın silahdaşı olub və bu da ona SEPAH-da yüksək vəzifələr qazandırıb.

Siyasi karyerasına gəlincə, Qalibaf İranda daxili etirazların amansızlıqla yatırılmasından yana olub və bu prosesdə özü də fəal iştirak edib. Məsələn, 1999-cu ildəki tələbə etirazları zamanı məhz Qalibaf İran Milli Polisinin komandiri təyin edilib. O, islahatçı prezident Məhəmməd Xatəmiyə nümayişçilərə qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edən məktubu imzalayan 24 SEPAH komandirindən biri olub. İnsan haqları təşkilatları iddia edir ki, Qalibaf son 25 ildə İranda baş verən bütün əsas etiraz aksiyalarının yatırılmasında aparıcı rol oynayıb.
Qalibaf SEPAH-da uğurlar qazansa da, əhali arasında siyasi dəstək ala bilməyib. O, dörd dəfə – 2005, 2013, 2017 və 2024-cü illərdə prezidentliyə namizədliyini irəli sürüb və bu seçkilərin hamısında uduzub. Onun ən uğurlu seçkisi 2013-cü il seçkisi olub ki, o vaxt da Həsən Ruhaniyə uduzaraq, ikinci yer tutub. 2005-ci ildə Qalibaf dördüncü olub, 2017-ci ildə başqa bir mühafizəkar namizəd İbrahim Rəisinin lehinə seçkidən çəkilib, 2024-cü ildə Məsud Pezeşkianın qalib gəldiyi seçkidə isə 3-cü yerlə kifayətlənib.

Qalibafın adı korrupsiya qalmaqallarında da hallanıb. O, 2005-ci ildə paytaxt Tehranın meri seçilib və 12 il bu vəzifəni tutub. Onunla bağlı korrupsiya iddiaları da əsasən həmin dövrə təsadüf edir.
2020-ci ildə Qalibaf Əli Laricaninin yerinə parlamentin spikeri seçilib. Bu vəzifə ona geniş nüfuz və təsir imkanı yaradıb. Buna görə də son zamanlar məhz Prezident Pezişkian deyil, Qalibafın hakimiyyətdə əsas söz sahibi olduğu iddia edilir.

Çoxları iddia edir ki, məhz Qalibaf İranın hərbi qərarlarını və strategiyasını müəyyən edir. İddialara görə, Prezident Məsud Pezeşkian yalnız gündəlik mülki idarəetməyə cavabdehdir, Qalibaf isə strateji və hərbi rəhbərliyi öz üzərinə götürüb.

Bütün bunlara rəğmən, Qalibaf dəfələrlə ABŞ ilə danışıqlar aparmadığını bəyan edib. Qərb və İsrail mətbuatı isə bunun əksini deyir və əmin edir ki, ABŞ-nin təmas qurduğu şəxs məhz odur. Əlbəttə, istisna deyil ki, bu cür məlumatlar onun iran hakimiyyəti daxilində nüfuzuna zərbə vurmaq üçün yayılır. Ancaq ABŞ-nin bütün bu müddət ərzində real təhlükəsizlik zəmanəti verdiyi 5 əsas fiqurdan birinin məhz Qalibaf olması bu iddiaları həm də inandırıcı edir.
Beləliklə, yaxın gələcəkdə, hətta yaxın günlərdə Qalibafın əslində hansı nüfuz və söz sahibi olduğu daha aydın şəkildə görünəcək… /azpolitika.info
