Azərbaycanda investisiyaların bölgələr üzrə paylanması iqtisadiyyatın balanslı inkişafını göstərən əsas amillərdən biridir. Son statistik məlumatlar regionların bu prosesdə iştirakını və potensialını yenidən diqqətə gətirir. Xüsusilə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yerli istehsalın artırılması üçün regionlara yönələn investisiyalar böyük əhəmiyyət daşıyır.
Açıqlanan rəqəmlərə görə, ölkə üzrə əsas kapitala yönəldilmiş illik 22,1 milyard manatlıq investisiyaların 9,7 milyard manatı, yəni 44,0 faizi regionların payına düşür.
Hazırda regionlarda hansı sahələrin investisiyaya, kapitala daha çox ehtiyacı var?
Regionlara investisiya qoyuluşu və bölgələrdə real iqtisadi mənzərə haqqında Qaynarinfo-ua danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanın iqtisadi inkişafı üçün regionların həm işçi qüvvəsi, həm resurs, həm də digər istiqamətlər üzrə çox böyük potensialı mövcuddur:
“Mən bununla bağlı “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabımda ölkə iqtisadiyyatının 9 istiqaməti üzrə əhatəli şəkildə hansı sahələrin hansı potensiala malik olduğunu qeyd etmişəm. Daha doğrusu, sistemləşdirilmiş, investoryönümlü analitik baxış təqdim etmişəm. Bildirmişəm ki, Azərbaycanın kənd təsərrüfatı, sənaye, rəqəmsallaşdırma, turizm, təhsil, səhiyyə, alternativ enerji kimi sahələrinin hər biri üzrə investisiya potensialı məhz regionlarda cəmləşib. Lakin hər region üzrə prioritet istiqamətlər fərqlidir”.

İqtisadçı qeyd edib ki, ümumiləşdirilmiş konteksdə yanaşdıqda isə regionlarda investisiya ehtiyacı olan əsas iqtisadi fəaliyyət sahələrinin dərinləşdirilməsinə, eyni zamanda əlavə dəyər zəncirinin genişləndirilməsi ilə bağlı kompleks addımların atılmasına ehtiyac var:
“Bu gün Azərbaycanda aqrar sektorun emal mərhələsi start götürərsə, xammal istehsalından sonrakı mərhələdə yaradılacaq dəyər həm ixracın təşviq olunmasına, həm regionlarda məşğulluğun təşviqinə xidmət etmiş olar. Çünki Azərbaycanın regionları kifayət qədər kənd təsərrüfatı məhsulları ilə zəngindir və kənd təsərrüfatı məhsullarının emalının elə regionlara yönəlməsi, aqrar emal müəsissələrinin qurulması həm də kənd təsərrüfatının inkişafını dəstəkləyər. Digər bir istiqamət olaraq, logistika və saxlama infrastrukturunun genişləndirilməsini qeyd etmək olar. Məhsulların daşınması və onların qorunma imkanlarının genişləndirilməsi çox önəmlidir. Sənayə istehsalı sahələrinin qurulması, yerli istehsalın artırılması və iqtisadi aktivliyin genişləşdirilməsi üçün çox önəmlidir”.
Eldəniz Əmirov bildirib ki, regionların iqtisadi inkişafına dəstək məqsdi ilə ailə təsərrüfatlarındakı emal məsələlərinin qurulması üçün normativ hüquqi aktlarda bir qədər yüngülləşdirməyə ehtiyac var:
“Bu təsərrüfatları inkişaf etdirilməsi üçün qonşu ölkələrdə olan təcrübələrdən yararlanmaq mümkündür. Çünki qaydaların sərtliyi müəyyən fəaliyyət istiqamətlərində problemlər yaradır. Bundan başqa, torpaq və su resurslarından ələxsus da su resurslarının ədalətli bölgüsü hesab edirəm ki, regional konteksdə investisiya cəlbediciliyini daha da artıra bilər. Regionlarda pilot rayonlar seçilərək, güzəştli əsaslarla kiçik müəsissələrin yaradılması istiqamətində müəyyən proqramların icra edilməsi mümkündür”.
