“Cənubi Qafqaz Araşdırmalar Mərkəzi”nin rəhbəri, “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov erməni nəşri “Hraparak”a geniş müsahibə verib.
F.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən “faktiki sülh” bəyanatları ictimai rəyə ciddi təsir edir. O qeyd edib ki, siyasi dialoq və iqtisadi əməkdaşlıqla bağlı mesajlar cəmiyyətlər tərəfindən ümumilikdə müsbət qarşılanır. Bununla belə, cəmiyyət səviyyəsində sülhün tam qəbul olunması üçün vaxt lazımdır.
Politoloq bildirib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində hər iki ölkədə müxtəlif sosial qruplarla görüşlər keçirilir, mediada müzakirələr aparılır və sosial şəbəkələr monitorinq olunur: “Müşahidələr göstərir ki, hərbi toqquşmaların olmaması, itkilərin dayandırılması və siyasi-iqtisadi əlaqələrin başlanması həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərinin əksəriyyəti tərəfindən qəbul edilir. İki cəmiyyət arasında sülhün qavranılması, gələcək sülh modelinə baxış və gözləntilər baxımından fərqlər qalmaqdadır. Bu fərqli yanaşmalar toplanır və gələcək fəaliyyət üçün sistemləşdirilir. Həm Azərbaycanda, həm də Ermənistanda müxtəlif sosial təbəqələr sülh gündəliyinin müxtəlif elementlərinə fərqli hazırdır”.
Fərhad Məmmədov xatırladıb ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh gündəliyi iki əsas sənədə – birgə bəyanata və paraflanmış sülh müqaviləsi mətninə əsaslanır. “Sərhədlərin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiya yaradılıb və fəaliyyət göstərir. Bununla yanaşı, diplomatlar arasında təmaslar, iqtisadi əməkdaşlıq və vətəndaş cəmiyyətləri arasında dialoq üçün şərait yaradan şifahi razılaşmalar da mövcuddur. Bütün bu nəticələr məhz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan səviyyəsində əldə olunub və bu səbəbdən liderlərin rolu həlledicidir. Ermənistanda aparıcı müxalifət qüvvələri bu sənədləri tənqid edir və hakimiyyətə gəldikləri halda onları yenidən nəzərdən keçirə bilər. Bu isə sülh prosesində fasilə və geriləmə riski yaradır”, – o qeyd edib.
ABŞ Prezidenti Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Uitkoffun regionla bağlı açıqlamalarına münasibət bildirən F.Məmmədov deyib ki, hazırda Azərbaycan və Ermənistan liderləri arasında münasibətlər işgüzar, konstruktiv və praqmatik xarakter daşıyır. Tərəflər arasında daimi təmas var və açıq fikir mübadiləsi aparılır.
Ekspert bildirib ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın mövqeyində aydınlıq və sülh gündəliyinin həyata keçirilməsində proqnozlaşdırıla bilənlikdir. Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkiləri bu baxımdan mühüm əhəmiyyət daşıyır: “Danışıqlar gündəliyində çoxlu həssas məsələlər mövcuddur və bu mövzular həm rəsmi səviyyədə, həm də vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirə olunur. Ermənistan tərəfindən qaldırılan məsələlər də bu müzakirələrin tərkib hissəsidir. Münaqişənin elə nəticələri var ki, onları aradan qaldırmaq mümkün deyil. Bu kontekstdə Azərbaycan cəmiyyəti üçün ən həssas mövzulardan biri Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyidir. Təxminən 4 minə yaxın azərbaycanlının taleyi bu günə qədər məlum deyil. Ermənistanda bəzi siyasətçilər bu şəxslərin dəfn yerləri ilə bağlı məlumata malik olduqlarını bildirsələr də, bu məlumatları açıqlamırlar. Bu kimi məsələlər həm Azərbaycanda, həm də Ermənistanda sülh prosesinə mənfi təsir göstərir”.
Ekspert bildirib ki, bəzi məsələlər üzrə konkret mexanizmlər mövcuddur. Məsələn, sərhədlərin delimitasiyası ilə bağlı komissiya fəaliyyət göstərir. Lakin elə mövzular da var ki, onların həlli üçün hələ mexanizmlər formalaşmayıb və bu da mövcud reallığın bir hissəsidir. /azpolitika.info
