Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuriy İgnat ölkənin hava hücumundan müdafiə sistemləri üçün istifadə olunan raketlərdə ciddi çatışmazlıq yarandığını bildirib.
O, yerli mediaya müsahibəsində qeyd edib ki, xüsusilə ballistik raketləri zərərsizləşdirən sistemlər üçün ehtiyatlar kifayət etmir.
İgnatın sözlərinə görə, vəziyyət tam kritik həddə çatmasa da, ciddi defisit mövcuddur: “Demirik ki, ümumiyyətlə raketimiz yoxdur, amma ciddi çatışmazlıq var”, – deyə o vurğulayıb. O əlavə edib ki, Ukrayna tərəfi müxtəlif ölkələrlə danışıqlar apararaq hətta “vahid ədədlərlə” belə raket əldə etməyə çalışır. Onun sözlərinə görə, 5–15 ədəd raket belə müəyyən hücumların dəf olunması və şəhərlərin müdafiəsi üçün həlledici rol oynaya bilər.
İgnat bildirib ki, Ukrayna hazırda ABŞ, Almaniya, Niderland, Rumıniya, İspaniya və Polşa ilə hava hücumundan müdafiə sistemləri və raket təchizatı üzrə əməkdaşlıq aparır.
Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl verdiyi açıqlamada ölkənin “Patriot” raketlərində “kritik çatışmazlıq” yaşadığını bildirib və vəziyyəti olduqca ağır qiymətləndirib. Eyni zamanda Ukraynanın müdafiə naziri Mixailo Fyodorov qeyd edib ki, Ukraynanın müdafiə ehtiyacları üzrə keçirilən beynəlxalq toplantılarda hava hücumundan müdafiənin gücləndirilməsi və əlavə raketlərin tədarükü barədə razılaşmalar əldə olunub. Xüsusilə Almaniyanın müdafiə sahəsinə milyardlarla dollarlıq investisiya ayıracağı bildirilib.
Ekspertlərin fikrincə, Ukraynada hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı müharibənin gedişinə birbaşa təsir edən əsas faktorlardan biri olaraq qalır və Qərb dəstəyinin davamlılığı bu baxımdan həlledici rol oynayır.
