“Aliment fondu ümumiyyətlə, ölkə daxilindəki uşaqları qorumaq üçün yaradılır”.
Bunu açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Siyaviş Novruzovun “aliment fondu yaratsaq, pullar azərbaycanlıların xaricdəki uşaqlarına gedəcək” fikirlərinə aydınlıq gətirərkən deyib.
Ekspertin sözlərinə görə, Siyavuş Novruzovun mövqeyi məntiqli görünsə də, arqumentdə bir neçə problemli məqam var:
“Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan uşağın atası xaricdədirsə və aliment ödəmirsə, dövlət həmin uşağa alment ödəyir. Və sonra bu məbləği atadan və ya anadan tələb edir. Bu beynəlxalq təcrübədir”.
Akif Nəsirli Siyavuş Novruzovun bu fikirlərini qərəzli hesab edir:
“Novruzovun narahatlığı başa düşüləndir, amma doğru deyil. O, elə bir ssenarini ön plana çəkir ki, sanki fond yaradılıb, artıq fondun vəsaiti əsasən xarici ölkədə olan azərbaycanlı ataların uşaqlarına gedib və bunun qarşısını almaq lazımdır. Amma bu, fondun mahiyyətini təhrif edir. Fond xaricdəki uşaqlara yox, Azərbaycanda yaşayan uşaqlara xidmət edir. Atanın xaricdə olması isə ayrı məsələdir, bu halda hüquqi mexanizmlər vasitəsilə ödəniş tələb olunur”.

Akif Nəsirli əlavə edib ki, atanın harada olmasından asılı olmayaraq, əgər uşaq Azərbaycanda doğulub və burada yaşayırsa, dövlətin onu qoruması öhdəlikdir:
“Lakin həm ana, həm ata, həm də uşaq xaricdədirsə, bu artıq Azərbaycanın yox, həmin ölkənin məsələsidir”.
Qeyd edək ki, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanda yaradılacaq Aliment fondundan danışıb: “Bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar. Və biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Sliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək”.
