Tehran və Vaşinqton arasında gərginlik yeni və təhlükəli müstəviyə keçir. İranın hərbi rəhbərliyi ABŞ-ın mümkün hücumlarına və dəniz blokadası cəhdlərinə qarşı ən sərt xəbərdarlığını edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib ki, ABŞ hücumlarını bərpa edərsə və Hörmüz boğazı üzərində iddialarını təkrarlayarsa, İran bölgədəki Amerika hərbi bazalarına “uzunmüddətli və ağrılı zərbələr” endirəcək. Musəvi dünyanı regiondakı Amerika bazalarının taleyindən nəticə çıxarmağa çağıraraq, eyni aqibətin hərbi gəmiləri də gözlədiyini vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian isə ABŞ-ın İran limanlarını blokadaya almaq niyyətinə reaksiya verib. O bildirib ki, Fars körfəzində tədarük zəncirini pozacaq hər hansı bir məhdudiyyət cəhdi uğursuzluğa məhkumdur.
Pezeşkian bu addımları müstəqil bir dövlətə qarşı hərbi təcavüzün genişləndirilməsi kimi qiymətləndirib: “İndi dəniz blokadası adı altında baş verənlər, sadəcə öz müstəqilliyinin bədəlini ödəyən bir dövlətə qarşı hərbi əməliyyatların artırılmasıdır. Bu ədalətsiz yanaşmanın davam etdirilməsi dözülməzdir”.
Gərginliyin artmasının əsas səbəblərindən biri kimi ABŞ-ın “Axios” nəşrinin yaydığı məlumat göstərilir. Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampa İranın nüvə və hərbi obyektlərinə qarşı mümkün hərbi əməliyyatların yeni planını təqdim edib. Bu plan danışıqların tamamilə uğursuzluğa düçar olacağı təqdirdə “B planı” kimi nəzərdən keçirilir.
Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı və Fars körfəzi ətrafında cərəyan edən bu hadisələr qlobal enerji bazarında yeni bir böhrana və böyük regional müharibəyə yol aça bilər.
