Gömrük bəyannamələri ləğv edilə biləcək.
Bu, Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 (bir) ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:
– bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;
– düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;
– gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.
Eyni zamanda qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 (iki yüz) gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar, həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək.
Bundan başqa, qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 (yüz əlli) gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək.
