Ermənistan Parlamentinin sədri Alen Simonyan rəsmi Moskvanın ünvanına sərt ittihamlar səsləndirib.
Ermənistan İctimai Televiziyasına müsahibə verən Simonyan açıq şəkildə Rusiyanı İrəvanda hökuməti dəyişdirməyə cəhddə günahlandırıb.
Onun sözlərinə görə, Moskva Ukraynada hərbi, Ermənistanda isə siyasi əməliyyat aparır: “Ukraynada hərbi yolla maraqlarını yürütməyə çalışarkən, Ermənistan Respublikasında siyasi əməliyyat, hakimiyyəti ələ keçirmək cəhdi edirlər. İndi bizim demokratikliyimizdən bizə qarşı istifadə etməyə çalışırlar… Biz Ermənistan Respublikasının bir əyalət olmasına icazə verməyəcəyik. Biz Belarus kimi idarə olunmayacağıq”.
Simonyan iddia edir ki, Kreml öz maraqlarını müdafiə etmək və Ermənistandakı rusiyapərəst müxalifəti dəstəkləmək üçün Ermənistan seçicisinə təsir edən bütün onlayn reklam məkanlarını satın alır.
O deyib ki, Ermənistan özünün “vilayət”ə çevrilməsinə imkan verməyəcək və Belarus ssenarisi ilə idarə olunmayacaq: “Ermənistanda hakimiyyəti Rusiya yox, Ermənistan xalqı müəyyən edir. Ölkəmiz Moskvadan idarə olunmayacaq və Rusiyanın ön forpostuna çevrilməyəcək. Ermənistan Rusiyanın vassalı olmayacaq. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”.
Spiker vurğulayıb ki, hazırkı Ermənistan müxalifəti özünün də etiraf etdiyi kimi, Rusiyapərəstdir. Lakin Ermənistanın indiki hakimiyyəti tamamilə fərqli kursun tərəfdarıdır: “Dəyərlər baxımından mən özümü avropalı hesab edirəm… Avropa dəyərləri isə söz azadlığı, insan hüquqları, insan azadlıqları, yaşamaq hüququdur ki, bunlar mənim üçün fundamental həqiqətlərdir”. /azpolitika.info
