İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə görüşü çərçivəsində səslənən çıxış sülh, nəqliyyat dəhlizləri və geosiyasi təsir uğrunda mübarizənin yeni mərhələsini üzə çıxarır.
Ermənistanın paytaxtında keçirilən Zirvə görüşündə İlham Əliyev tərəfindən videobağlantı ilə səsləndirilən çıxış yalnız diplomatik bəyanat deyil.
Bu, regionda formalaşmaqda olan yeni geosiyasi reallığın açıq təqdimatıdır. Sülhün artıq fakt kimi təqdim edilməsi, iqtisadi əlaqələrin qurulması və nəqliyyat dəhlizlərinin önə çəkilməsi gələcək istiqamətləri müəyyən edir.
Bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli sosial şəbəkə hesabında qeyd edib.
“Qərb mediası çıxışı ehtiyatlı optimizm və paralel tənqid fonunda şərh edir. BBC qeyd edir ki, Azərbaycan Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa edib və əlavə edir ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları hələ də kövrəkdir.
“Deutsche Welle” isə bildirir ki, Avropa İttifaqı Cənubi Qafqazda vasitəçi kimi mövqe tutmağa çalışır və eyni zamanda vurğulayır ki, enerji əməkdaşlığına baxmayaraq, Azərbaycanla bağlı insan hüquqları tənqidləri davam edir.
“Əl Cəzirə” isə qeyd edir ki, Azərbaycan və Ermənistan sülh sazişinə indiyə qədər olduğundan daha yaxındır, lakin eyni zamanda regional güclər regionda təsir uğrunda rəqabət aparır.
Rusiya mediasında isə fərqli ton var. RİA yazır ki, Ermənistanın Qərbə yaxınlaşması Moskvanı narahat edir və əlavə edir ki, Cənubi Qafqaz geosiyasi mübarizə meydanına çevrilir. RT isə daha açıq deyir: Qərb Rusiyanı regiondan sıxışdırmağa çalışır.
İran mediası isə xüsusilə nəqliyyat dəhlizlərinə fokuslanır. Press TV qeyd edir ki, Cənubi Qafqazdakı dəyişikliklər regional tarazlığı poza bilər.
“Tasnim” bildirir: İran sərhədlərində geosiyasi dəyişikliklərə qarşıdır.
Türkiyə mediası çıxışı müsbət qiymətləndirir.
“Anadolu” yazır: Azərbaycan və Ermənistan arasında qalıcı barış üçün tarixi fürsət. “TRT Haber” isə qeyd edir ki, Orta Dəhliz bölgəsəl ticarətin ana xətti ola bilər.
Çin isə daha praqmatik yanaşır. “Xinhua” bildirir ki, Cənubi Qafqazda sabitlik regional bağlantılara fayda verir və əlavə edir ki, Orta Dəhliz “Bir kəmər, bir yol” əməkdaşlığını tamamlayıcı rol oynaya bilər. Bu yanaşma “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində regionun artan əhəmiyyətini göstərir.
Çıxışın ən diqqətçəkən tərəfi sülhün artıq sənəd kimi yox, reallıq kimi təqdim olunmasıdır. Bu isə Ermənistan daxilində də ziddiyyətli reaksiyalar yaradır. Nikol Paşinyan üçün bu həm imkan, həm də ciddi siyasi risk deməkdir.
Nəqliyyat dəhlizləri isə bu yeni mərhələnin əsas mərkəzidir. Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrut təkcə regional layihə deyil — bu, Avrasiyanın logistika xəritəsini dəyişə biləcək bir addımdır.
Nəticə aydındır: müharibə bitib, amma oyun yeni başlayır. Bu dəfə mübarizə iqtisadiyyat, marşrutlar və təsir uğrundadır. Cənubi Qafqaz artıq qlobal güclərin kəsişdiyi strateji məkandır”, – o qeyd edib.
