Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağını bəyan etmişdi.
Məlumata görə, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
“Artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır”, – deyə AMB bəyan edib.
