Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların 12-nin üzərindən asfalt yollar çəkilib.
Bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” adlı l beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, İcma Ermənistana danışıqlar üçün dəfələrlə müraciət etsə də, heç bir müsbət cavab almayıb:
“Təkcə sonuncu deportasiya zamanı, yəni 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün, 38 ildən sonra həmin ziyanın məbləği yüz milyardlarla ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil”.
Ə.Ələkbərli bildirib ki, bu yaxınlarda Qərbi Azərbaycan İcmasında Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində aparılan monitorinq zamanı 12-nin üzərindən asfalt yollar çəkildiyi müəyyənləşib:
“Bundan başqa, 16 qəbiristanlıq üzərində yaşayış evləri tikilib, 56 qəbiristanlığın ərazisi əkin sahəsinə çevrilib, 6 qəbiristanlıq üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrilib, 67 qəbiristanlıq üzərində vandalizm hərəkətləri edilib, 4 qəbiristanlıq üzərində sənaye və istehsal obyektləri salınıb, 5 qəbiristanlıq ərazisində hərbi istehkam işləri aparılıb, 32 qəbiristanlıq ərazisində tikinti-inşaat işləri görülüb, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edilib”.
