3 ildir Universitetin Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir?
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncam ölkəmizin xaricdəki humanitar və təhsil siyasətinin prioritetlərini növbəti dəfə nümayiş etdirdi. Dövlət başçısı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının direktoru Qurban Qurbanovu Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif etdi.
Bu təltif sadəcə bir rəhbərin əməyinə verilən qiymət deyil, bütövlükdə Rusiyada fəaliyyət göstərən yeganə xarici ali təhsil müəssisəsi olan UNEC-in Dərbənd filialının regional roluna dövlət səviyyəsində göstərilən diqqətin bariz ifadəsidir.
Lakin bu müsbət addımın fonunda, filialın cari fəaliyyəti ilə bağlı ortaya çıxan bəzi idarəetmə və koordinasiya məsələləri ciddi suallar doğurur və mövcud reallıqla dövlətin strateji xətti arasında müəyyən bir ziddiyyət yaradır.
UNEC-in Dərbənd filialı 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, bölgədə yaşayan azərbaycanlıların təhsil ehtiyaclarını qarşılamaq məqsədilə qurulub. Bu addım təkcə ali təhsilin coğrafiyasını genişləndirmədi, həm də xaricdəki soydaşlarımızın milli-mənəvi dəyərlərə, ana dilinə bağlılığının qorunmasında strateji bir mərkəzə çevrildi.
2016-cı ildə istifadəyə verilən müasir kampus kompleksi – geniş auditoriyaları, kitabxanası və texniki bazası ilə regionun ən qabaqcıl təhsil ocaqlarından biri kimi formalaşdı. Filialın minlərlə məzunu bu gün həm Rusiyada, həm də regionda uğurlu karyera quraraq Azərbaycan təhsilinin keyfiyyətini və ölkəmizin mədəni nüfuzunu təmsil edir.
Bəs belə bir uğurlu layihənin hazırkı idarəetmə mənzərəsi niyə narahatlıq doğurur?
Bu gün bizi düşündürən əsas məqam Elm və Təhsil Nazirliyi tərəfindən ardıcıl olaraq 3 tədris ilidir ki, UNEC-in Dərbənd filialına tələbə qəbulunun aparılmamasıdır.
Təhsil planlaması baxımından hər hansı bir ali məktəbə və ya filiala 3 il müddətində yeni tələbə qəbul etməmək, həmin müəssisənin fəaliyyətinin tədricən zəifləməsinə və institusional potensialının itirilməsinə yol aça bilər. Əgər dövlət rəhbərliyi bu filialın fəaliyyətini humanitar əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirirsə, Elm və Təhsil Nazirliyinin qəbul planını dondurması hansı zərurətdən irəli gəlir? Bu qərarın əsaslandırılmış mülahizələri cəmiyyətə və xüsusən Dərbənddə təhsil almaq istəyən gənclərimizə aydın izah olunmalıdır.
Digər mühüm bir problem isə filialda təhsilini tamamlayan və ya hazırda oxuyan tələbələrin qarşılaşdığı sənədləşmə məsələləridir. Məzunların diplomlarının tanınması (nostrifikasiya) prosesində yaşanan uzunmüddətli prosedurlar və idarəetmə ləngimələri gənclərin əmək bazarına vaxtında daxil olmasına ciddi əngəllər yaradır.
Azərbaycan dövlətinin rəsmi icazəsi və lisenziyası ilə fəaliyyət göstərən, ölkənin ən aparıcı iqtisadiyyat universitetinin rəsmi filialını bitirən gənclərin sənədlərinin yoxlanılması prosesinin bu qədər uzanması gənclərdə haqlı narazılıq doğurur. Bu cür bürokratik gecikmələr, təəssüf ki, gənclərin öz təhsil sistemimizə olan güvənini sarsıda və onları regional əmək bazarında alternativ yollar axtarmağa sövq edə bilər.
Ortadakı mənzərə mərkəzi icra hakimiyyəti orqanları ilə dövlətin ümumi humanitar siyasəti arasında daha sıx koordinasiyanın qurulmasının zəruriliyini göstərir:
Bir tərəfdən dövlət başçısı filialın rəhbərini “Dostluq” ordeni ilə təltif edərək qurumun missiyasını təqdir edir.
Digər tərəfdən isə təhsil sahəsinə məsul qurum qəbulu dayandırır və sənədləşmədə ləngimələrə yol verməklə bu missiyanın davamlılığını sual altında qoyur.
Elm və Təhsil Nazirliyi bu məsələyə sadəcə inzibati-texniki bir məsələ kimi deyil, Azərbaycanın regional maraqları və soydaşlarımızın təhsil hüququ müstəvisindən yanaşmalıdır. Dərbənd filialının qapılarının gənclərin üzünə yenidən açılması və diplomların tanınması prosesinin sürətləndirilməsi, dövlət başçısının imzaladığı Sərəncamın ruhuna və ölkəmizin strateji hədəflərinə ən doğru cavab olardı./gununsesi.info
