Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra da dayanıqlılıq qlobal logistika sisteminin əsas müəyyənedici amili olaraq qalacaq.
Bunu Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nümayəndəsi Trend-ə eksklüziv şərhində bildirib.
“BNF Hörmüz boğazında baş verən prosesləri, eləcə də qlobal logistikada pozuntulara səbəb olan digər amilləri diqqətlə izləməyə davam edir”, – deyə təşkilatdan bildirilib.
BNF-nun məlumatına görə, hazırda nəqliyyat sistemləri iqlim riskləri, iqtisadi qeyri-sabitlik, texnoloji nasazlıqlar, səhiyyə böhranları və geosiyasi gərginliklə bağlı zəncirvari təhdidlərlə üz-üzədir. Bu səbəbdən logistika sektoru öz prioritetlərini bu çağırışlara uyğun şəkildə dəyişir.
“Təşkilatın fikrincə, diqqət artıq səmərəlilikdən dayanıqlılığa yönəlib. Dayanıqlılıq iqlim dəyişikliyi və rəqəmsal risklərin yaratdığı stress və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərmək qabiliyyətini ifadə edir”, – deyə BNF vurğulayıb.
BNF hesab edir ki, dayanıqlı nəqliyyat şəbəkələri iqtisadi fəallığın davamlılığını təmin etməklə yanaşı, sektorun yaranan pozuntulara operativ reaksiya vermək imkanlarını da artırır.
“Dayanıqlılıq iqtisadi fəaliyyətin fasiləsizliyini təmin edir, ən həssas əhali qruplarını qoruyur, daha sürətli bərpanı dəstəkləyir, eyni zamanda öyrənmə və innovasiyaları təşviq edir”, – deyə təşkilatdan əlavə olunub.
Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret nəticə əldə olunmadığından, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələri endirməyə başlayıb. İran isə həmin gündən etibarən İsrailə və regiondakı ABŞ obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Pakistanın vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında atəşkəs barədə razılıq əldə olunub.
İyunun 18-də İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Sənədi İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp imzalayıblar. Memorandum iyunun 19-dan qüvvəyə minib.
İyunun 21-də Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk mərhələsi keçirilib. Müzakirə olunan əsas məsələlərdən biri dünyanın ən mühüm strateji dəniz keçidlərindən biri hesab olunan Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası olub. Dünya üzrə neft tədarükünün təxminən beşdə biri, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin əhəmiyyətli hissəsi məhz bu boğazdan həyata keçirildiyi üçün onun fasiləsiz fəaliyyəti qlobal dəniz daşımaları, enerji bazarları və beynəlxalq təchizat zəncirləri baxımından həlledici əhəmiyyət daşıyır.
