Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlət başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəyə səfərə dəvət edib.
Dövlət başçısı ölkədə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.
