Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiya ordusunun ən uğurlu günləri artıq geridə qalıb.
Bunu amerikalı ekspert Ceyms Cey Karafano bildirib.
O qeyd edib ki, Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib. Döyüş əməliyyatları hələ aylarla, hətta daha uzun müddət davam edə bilər, lakin artıq bu məqsədlərə çatmaq mümkün deyil. Çünki Rusiya ordusu müharibədə kulminasiya nöqtəsini keçib.
Onun fikrincə, belə bir məqam yetişəndə üstünlük hücum edən tərəfdən müdafiə olunan tərəfə keçir:
“Müharibə rəsmi olaraq Putin geri çəkilməyə qərar verəndə başa çatacaq. Proqnoz verənlər istədiklərini deyə bilərlər, lakin nə vaxtın çatdığını yalnız Moskvadakı bir nəfər bilir. Bununla belə, rusların barışmalı olacağı reallıqlar var.
Hansı ssenari baş verməsindən asılı olmayaraq, Ukrayna müstəqil Avropa dövləti olaraq qalacaq və iqtisadi, eləcə də hərbi baxımdan Avropanın ən mühüm ölkələrindən biri olacaq. Bunun əsas səbəblərindən biri Avropanın ən böyük, döyüş təcrübəsi qazanmış ordusuna sahib olmasıdır. Bundan əlavə, Ukrayna artıq Avropanın ən məhsuldar və innovativ müdafiə-sənaye bazalarından birinə malikdir. Gələcəkdə Ukraynanın müdafiə sənayesi məhsullarına tələbat daha da artacaq”./axar.az
