Rusiyanın yaşadığı yanacaq böhranı onun ixracından asılı olan ölkələri də çətin vəziyyətə salmaqdadır. Belə ölkələrin sırasında isə Erməmistan da var.
Dünən Rusiya Baş nazirinin müavini Aleksandr Novak Vladimir Putinlə görüşdə dizel yanacağı ixracına tamamilə qadağa qoyulduğunu elan edib. Qeyd edək ki, daha əvvəl, hələ aprel ayında Rusiyua benzin ixracını da qadağan etmişdi. Bu qadağa iyul ayına qədər davam etməli idi. Lakin heç kimə sirr deyil ki, onun müddəti uzadılacaq. Çünki daxili bazarın təminatı hələ uzun müddət bərpa edilə bilməyəcək.
Özü Hindistandan, hətta Yaponiyadan benzin almağa çalışan Rusiyanın kənara benzin ixrac edəcəyini düşünmək absurd olardı. İndi dizel ixracına da qoyulan qadağa Rusiyadakı yanacaq böhranının görünməmiş həddə çatdığının daha bir bariz nümunəsi oldu.
Ukraynanın son olaraq Rusiyanın uzaq Sibirdə yerləşən ən böyük zavodu olan Omsk Neft Emalı Zavodunu vurması ölkədə yanacaq böhranını daha da dərinləşdirib.
Novakın son açıqlaması Ermənistan üçün həyəcan təbili oldu. Bu, onun enerji təminatına, enerji təhlükəsizliyinə birbaşa təhdid yaradır. Rusiya zatən Paşinyan hökumətini gah təbii qazla, gah başqa vasitələrlə təhdid edirdi. İndi isə yanacaq təhdidi üçün tam obyektiv bir əsas yaranıb. Özünü yanacaqla təmin edə bilməyən, bu sahədə ağır böhran yaşayan Rusiya, əsrlərdir forposu olan Ermənistana necə yanacaq versin? Rusların məşhur “özümüzünküləri atmırıq” şüarı artıq işləmir…
Ermənistanın özünün nə nefti, nə də neft emalı zavodu var. O, bütün neft məhsullarını xaricdən idxal edir. İrəvanın Moskvadan dizel asılılığı az qala 90 faizə yaxındır. Belə ki, illik təxminən 180.000 ton idxalın 150.000 tonu Rusiyadan gəlir. İndi həmin 150 min ton yanacağı Ermənistana kim verəcək?
İlk olaraq ağıla İran gəlir. Lakin İrana qarşı məlum sanksiyalar, xüsusilə də ABŞ ilə münaqişənin bu günlərdə yenidən qızışması İrandan idxalı çətinləşdirir. İran hazırda öz hayındadır. Nisbətən uzaq Yaxın Şərq ölkələrindən idxal da çətin və baha başa gəlir.
Qalır Azərbaycan! Azərbaycan ilk dəfə ötən ilin dekabrında Ermənistana yanacaq göndərib. Bu günə qədər Azərbaycan Ermənistana 13 min tondan çox dizel yanacağı və 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac edib. Həmçinin, Rusiya və Qazaxıstandan Ermənistana yüklərin öz ərazisindən tranzit daşınmasına icazə verib. Yəni, logistika artıq var. Lakin Azərbaycanın hazırda Ermənistanın 150 min tonluq illik dizel tələbatını tam ödəməsi real görünmür. Buna baxmayaraq, böhran vəziyyətində Azərbaycanın Ermənistana verə biləcəyi yanacaq həcmləri onun vəziyyətini xeyli yüngülləşdirə bilər.
Üstəlik, Aərbaycan ərazisindən, məsələn, Qazaxıstan, yaxud hansısa digər ölkədən ixrac olunan neft məhsullarının Ermənistana ötürülməsi də İrəvan üçün vacib amildir. Bunu hamıdan əvvəl Ermənistan cəmiyyətinin revanşist, qatı millətçi və ruspərəst kəsimi, həmin kəsimi təmsil edən siyasi qüvvələr görməli, anlamalı, dəyərləndirməlidirlər. Eləcə də Paşinyan hökməti. Anlamalıdırlar ki, qonşu ölkə ilə düşmənçilik yox, ən azından normal, neytral münasibətlər hər bir ölıkənin strateji maraqlarına uyğundur…
Bəli, Rusiyadakı hər bir zavodun vurulması və yanacaq böhranının dərinləşməsilə bağlı xəbər hazırda Ermənistanı da ciddi şəkildə narahat edir. Bu yanacaq böhranı istənilən vaxt bu ölkəyə də sıçraya bilər. İrəvanın bu zaman ümidlə boylanıb baxdığı əsas istiqamətlərdən biri isə hələ də cəmiyyətinin önəmli hissəsinin düşmən gözü ilə baxdığı Azərbaycandır…/azpolitika.info
