“Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq olunacaq məhdudiyyətlər onların dərsə diqqətini müəyyən qədər artıra bilər”.
Bunu açıqlamasında təhsil eksperti Məzahir Məmmədli uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərarı şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, bu addım ilk növbədə şagirdlərin psixoloji sağlamlığının qorunmasına və yuxu rejiminin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
“Sosial şəbəkə asılılığı artıq şagirdlər arasında geniş yayılıb. Xüsusilə internet provayderlərinin gecə saatlarında təqdim etdiyi sərfəli internet paketləri yeniyetmələrin gec saatlaradək onlayn qalmasına səbəb olur. Məhdudiyyətlər uşaqların kiber risklərdən qorunmasına kömək edə, eyni zamanda onların real ünsiyyət bacarıqlarının inkişafına şərait yarada bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, bu gün uşaqlar əsasən sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Buna görə də bu qərar onların sosiallaşma imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər”.

Məzahir Məmmədli hesab edir ki, qərarın effektiv icrası ilk növbədə valideynlərin məsuliyyətindən asılı olacaq.
“Valideynlər övladlarına ciddi nəzarət etməlidirlər. Təkcə dövlət səviyyəsində tətbiq olunan qadağalarla uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq mümkün deyil. Cəmiyyət olaraq artıq rəqəmsal texnologiyalara uyğunlaşmışıq. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi bəzi məhdudiyyətlərdə müəyyən boşluqlar da mövcuddur. Məsələn, qaydalarda dərs zamanı zərurət yarandıqda telefondan istifadəyə istisna hal kimi icazə verilir. Bu isə həm müəllimlər, həm də şagirdlər tərəfindən müxtəlif cür şərh oluna, bəzi hallarda isə sui-istifadəyə şərait yarada bilər”,
Ekspert vurğulayıb ki, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqları rəqəmsal mühitdən tam təcrid etmək real görünmür.
“Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, planşet və smartfonların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqları sosial şəbəkələrdən və digər rəqəmsal platformalardan tam uzaq saxlamaq həm ailələr, həm məktəblər, həm də bütövlükdə cəmiyyət üçün olduqca çətin olacaq. Əsas məsələ qadağalar deyil, düzgün nəzarətin təmin edilməsi və rəqəmsal savadlılığın formalaşdırılmasıdır.”/qaynarinfo.az
