Bakı Təşəbbüs Qrupu (BTQ) və Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun” baş direktoru Filip Sandvidi imzalayıblar.
BTQ-nin icraçı direktoru Abbas Abbasov qeyd edib ki, bu əməkdaşlıq təşkilatın fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayır.
Sənəd Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına, eləcə də BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsinə, ortaq təşəbbüslərin icrasına töhfə verəcək.
Həmçinin qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatların, siyasət sənədlərinin (policy papers) hazırlanması və onun beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Tərəflər bu istiqamətlər üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirəcək, birgə təşəbbüslər irəli sürəcəklər.
Əməkdaşlıq çərçivəsində dekolonizasiya və neokolonializm mövzularında müntəzəm dialoqların, ortaq tədqiqat layihələrinin və illik beynəlxalq konfransların keçirilməsi də nəzərdə tutulur. Bu təşəbbüslər Afrika ilə bağlı reallıqların, habelə böyük güclər tərəfindən indiyə kimi törədilmiş insanlıq əleyhinə cinayətlərin daha geniş tanıdılmasına töhfə verəcək.
Memorandum Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakını nəzərdə tutur. Bununla yanaşı, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının və digər akademik fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.
