Azərbaycanda bəzi universitetlərdə təhsil haqlarının artırılması xüsusilə yeni qəbul olan tələbələr və onların valideynləri arasında narazılığa səbəb olub. Artan təhsil haqları fonunda sosial həssas qruplara hansı güzəştlərin tətbiq oluna biləcəyi də gündəmə gəlir.
Bəs təhsil haqqının ödənilməsində kimlərə güzəşt edilə bilər?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənlinin fikrincə, burada əsas məsələ yalnız təhsil haqqının artırılması deyil, artımın əsaslandırılması və tələbəyə təqdim olunan təhsilin həmin məbləğə adekvat olub-olmamasıdır:
“Universitet təhsil haqqını artırırsa, tələbə də haqlı olaraq soruşur ki, bu artımın qarşılığında təhsilin keyfiyyətində, müəllim heyətində, laboratoriyalarda, resurs və imkanlarda, təcrübə proqramlarında, karyera dəstəyində nə dəyişəcək? Güzəşt məsələsində isə sosial həssas qruplara xüsusi yanaşma vacibdir. Hazırda qanunvericiliyimizdə şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müəyyən əlillik kateqoriyalarına aid şəxslər, müharibə veteranları və digər sosial qruplar üçün təhsil haqqından azadolmalar nəzərdə tutulur”.
Əmrah Həsənli deyib ki, maddi çətinlik yaşayan tələbələr üçün təhsil təqaüdü mexanizmi də mühüm alternativdir:
“Amma universitetlərin daxili imkanları hesabına akademik göstəricilərə, sosial vəziyyətə, ailənin maddi durumuna görə əlavə endirimlər tətbiq etməsi də təşviq olunmalıdır. Məsələn, yüksək nəticə göstərən tələbəyə təqaüd, aztəminatlı ailədən olan tələbəyə sosial güzəşt, qardaş və bacılar eyni universitetdə təhsil alırsa, ailə güzəşti və ya təhsil haqqının hissə-hissə ödənilməsi kimi mexanizmlər tətbiq edilə bilər”.
Təhsil haqqının təhsil səviyyəsinə uyğunluğu məsələsinə gəldikdə isə, ekspert bildirib ki, bütün universitetlər haqqında eyni fikir söyləmək olmaz:
“Eyni məbləğdə təhsil haqqı ödəyən tələbələr eyni keyfiyyətdə təhsil almırsa, burada ciddi bir problem yaranır. Universitetlər təhsil haqqının formalaşmasına təsir edən amilləri daha şəffaf izah etməlidirlər. Tələbə bilməlidir ki, ödədiyi məbləğ hansı xidmətlərə, hansı akademik resurslara və hansı imkanlara yönəlir. Hesab edirəm ki, növbəti mərhələdə universitetlər üçün əsas meyar sadəcə “təhsil haqqını nə qədər artırmaq olar?” sualı yox, “artırılan təhsil haqqının qarşılığında biz tələbəyə hansı əlavə dəyəri təqdim edirik?” sualı olmalıdır. Təhsil haqqı artırılırsa, bunun tələbə üçün real və ölçülə bilən keyfiyyət artımı ilə müşayiət olunması da olduqca vacibdir”./globalinfo.az
