Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yol sürüşmə təhlükəsi ilə bağlı aprel ayının 5–dən etibarən beton maneələrlə bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Həmin dövrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunurdu ki, vəziyyət qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Badamdar ərazisində sürüşmə problemi ilə bağlı avtomobil yolunun bağlanması ilk deyil. Belə ki, 13 oktyabr 2018-ci ildə Badamdar ərazisində sürüşmə baş vermiş, yolun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılmışdı. O zaman “Azərsu” ASC sürüşmə zonasında kanalizasiya xətlərinin çəkiləcəyini açılamışdı.
Bu isə ərazidə problemlərin həlli üçün ümidləri artırmışdı. Bildirilmişdi ki, Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.
Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəis olmuş Əziz Qaralov bildirmişdi ki, Badamdarda kanalizasiya sistemi qurulduqdan sonra sürüşmənin qarşısı tam olaraq alınacaq.
Onu da qeyd edək ki, 2018-ci il sürüşməsi nəticəsində Badamdar yolu təxminən 1 il bağlı qaldı. Hətta həmin vaxt işə yaponiyalı mütəxəssisləri də işə cəlb edildi.
Lakin yaponlar da ərazidəki vəziyyətə çarə qıla bilmədilər. Onlar sürüşmə zonasında quyular qazıb, qrunt suyunu aşağı salmağa cəhd göstərsələr də, bu üsulla da əldə edilən nəticə effektiv olmadı.
Bir müddət sonra, yəni 2020-ci ildən payız-qış aylarında yenə də ərazidə sürüşmə baş verdi. Ondan sonra yağıntının miqdarından asılı olaraq hər il bu sürüşmələr təkrarlandı.
Badamdar yolunun nəqliyyatın hərəkəti üçün sonuncu dəfə bağlanmasından 5 ay keçir. Maraq doğuran isə odur ki, beton maneələrin yerləşdiyi əraziyə qədər getmək mümkün olsa da, məhz həmin kiçik bir hissə olan beton səddi keçmək mümkün deyil.
Eləcə də həmin beton maneələrin sağ və sol hissəsində olan bütün iaşə obyektləri fəaliyyət göstərir. Ancaq həmin beton hissələrin yerləşdiyi, sürüşmə zonası adlandırılan ərazinin probleminə “dərman” tapılmır.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilir ki, araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir:
“Hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın “Shinyei Kaisha” şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır.
İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. Xatırladaq ki, hələ 2018-ci ildə də həmin əraziyə yaponiyalı mütəxəssislər cəlb edilsə də, nəticəsiz qalıb.
Beləliklə, bir neçə aydır ki, Badamdar yolunun bağlı olması ictimai nəqliyyatın hərəkəti üçün problemə çevrilib. Belə ki, 53 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar da yolun bağlı olması səbəbindən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalıb.
Yaxın günlərdə rta və ali təhsil müəssisələrində dərslərin başlanmasını, eləcə də 2026-cı il Formula 1 Azərbaycan Qran Prisinin 24–26 sentyabr tarixlərində keçiriləcəyini nəzərə alsaq, vətəndaşlar ikiqat çətinliklə üzləşəcəklər.
Üstəlik, yay artıq başa çatır və Badamdar ərazisində mövcud problemi yay müddətində, isti havalarda, Bakıda əhali nisbətən azalanda həll etmək daha məqsədəuyğun idi. Qarşıdan yağış və qarlı hava şəraitinin hökm sürəcəyi payış-qış fəsli gəlir, həmin dövrdə isə sürüşmə təhlükəsi daha da artacağını nəzərə alsaq, belə görünür ki, bu xəmir hələ çox su aparacaq. Həmin ərazidə problemin davamlı olaraq təkrarlanması isə onu göstərir ki, müvafiq qurumlar ya bu işin öhdəsindən gələ bilmir, ya da heç gəlmək istəmirlər. /cebheinfo.az
