Azərbaycanda avtomobillərin utilizasiyasına başlanılandan bu il avqustun 31-nə qədər 36 728 nəqliyyat vasitəsi dövriyyədən çıxarılıb.
Bu barədə “Təmiz Şəhər” ASC-dən bildirilib.
Məlumata görə, utilizasiya edilmiş avtomobillərin 18 852-i bu ilin 8 ayının payına düşüb.
Dövlət proqramı çərçivəsində indiyə qədər 1 991 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.
Utilizasiya edilmiş avtomobillərin 56 %-i “Lada” (“Vaz”), 9 %-i “Gaz”, 6 %-i “Mercedes Benz”, 3 %-i “Opel”, 2 %-i isə “Daewoo” markalı olub.
Azərbaycanda hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib. Maşın utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və yaxud yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
