Bu ilin ilk 8 ayı ərzində aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsi xəbər verib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon dolları ixracın, 11 milyard 423 milyon dolları isə idxalın payına düşüb.
Bu da o deməkdir ki, son 1 ildə ixrac 27,8 faiz artıb, idxal isə əksinə, 24,1 faiz azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 392 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,2 dəfə çox deməkdir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, xarici ticarətdə müsbət saldonun kəskin artmasının əsas səbəbi ixracın sürətlə yüksəlməsi fonunda, idxalın əhəmiyyətli dərəcədə azalmasıdır:

“Yanvar-avqust aylarında ixracın 27,8 faiz artaraq 21,8 milyard dollara çatması, idxalın isə 24,1 faiz azalaraq 11,4 milyard dollara enməsi saldo fərqini ciddi şəkildə genişləndirib”.
Ekspertin sözlərinə görə, ixracdakı artımda əsasən enerji məhsullarının dünya bazarındakı qiymətləri, neft və qaz ixracının həcmi və dəyəri, eləcə də bəzi qeyri-neft məhsullarının ixracının genişlənməsi rol oynaya bilər.
Onun fikrincə, idxalın azalması isə daxili tələbin, investisiya və istehlak mallarının idxalının əvvəlki dövrlə müqayisədə zəifləməsi, həmçinin bəzi məhsullar üzrə qiymət və həcm dəyişikliklərilə bağlıdır.
Müsahibimiz onu da qeyd etdi ki, ticarət saldosunun 5,2 dəfə böyüməsini yalnız ixracın artımı ilə izah etmək düzgün olmaz:
“Əsas fərqi yaradan amil idxalın da eyni vaxtda ciddi şəkildə azalmasıdır. Yəni Azərbaycan daha çox ixrac gəliri əldə etdiyi halda, xaricdən aldığı məhsulların ümumi dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb. Nəticədə ixracla idxal arasındakı fərq kəskin genişlənib”.
İqtisadçı bildirir ki, böyük müsbət saldo avtomatik olaraq iqtisadiyyatın bütün sahələrində vəziyyətin yaxşılaşması demək deyil:
“Çünki Azərbaycanın xarici ticarət balansında enerji ixracının çəkisi hələ də yüksəkdir və neft-qaz gəlirlərindəki dəyişikliklər ümumi göstəriciyə ciddi təsir edir. Buna görə müsbət saldonun dayanıqlılığı baxımından qeyri-neft ixracının artması və idxalın azalmasının iqtisadi aktivliyə hansı səbəbdən bağlı olması mühüm göstəricilərdir”./bakupost.az
