Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi 530 m 2-lik ofisin icarəsi xidmətinin satın alınması xidmətləri üzrə bir mənbədən satınalma metodu tətbiq eyməklə “QARDAŞLAR-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 224.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 15.09.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, bu Təhsilin İnkişafı Fondu ilə sözügedən şirkət arasında bağlanmış ilk müqavilə deyil.
Yükdaşıma xidmətlərinin satınalınması üzrə 4.425 manat dəyərində müqavilə 30.04.2024-cü ildə bağlanılıb.
530 m 2 lik ofisin təmir-dizayn işləri üzrə 44.716,1 manat dəyərində müqavilə 30.04.2024-cü ildə bağlanılıb.
530 m2 lik ofisin icarəsi xidmətləri satın alınması üzrə 187.620 manat dəyərində müqavilə 30.04.2024-cü ildə bağlanılıb.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu bütün bu satınalma müqavilələrini bir mənbədən satınalma metodu tətbiq eyməklə bağlayıb.
Göründüyü kimi, Təhsilin İnkişafı Fondu “QARDAŞLAR-M” MMC-dən icarəyə götürdüyü ofis sahəsini elə “QARDAŞLAR-M” MMC-yə təmir etdirib, elə həmin MMC-yə də yük daşıtdırıb.
Sual yaranır, Təhsilin İnkişafı Fondu icarəyə götürdüyü ofis sahəsini təmirli şəkildə razılaşa bilməzdimi? Burada icarəyə götürdüyü ofis sahəsini Təhsilin İnkişafı Fondunun təmir etdirməsi bir sıra şübhələrə yol açır. O, pullar təbii ki, təmir adı altında hesabdan çıxarılıb.
Göründüyü kimi Təhsilin İnkişafı Fondunun “QARDAŞLAR-M” MMC ilə bütün müqavilələrini bir mənbədən satınalma metodu tətbiq eyməklə bağlayıb. Bəs bir mənbədən satınalma metodu hansı hallarda tətbiq edilir.
“Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Düzdü, Təhsilin İnkişafı Fondu icarəyə götürdüyü ofis sahəsi üzərində xüsusi hüquqlara malik konkret təchizatçıda ola bilər. Amma bu o demək deyil ki, bu satınalma predmetinin əvəzedicisi və alternativi yoxdur?
Təhsilin İnkişafı Fondunun son iki il ərzində ofisin icarəsi xidmətinin satın alınması üzrə 460 761 manat dəyərində müqavilə bağladığı “QARDAŞLAR-M” MMC barəsində nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QARDAŞLAR-M” (VÖEN: 1300718711) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.05.2004-cü il tarixdə Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, TBİLİSİ PR, ev.49 C, qanuni təmsilçisi kimi isə Sadıqov Rauf Ağahüseyn oğlu qeyd olunub.
MMC-nin təsisçisi Mirhadıyev Vahid Sənan oğludur. Abdulov Nadir Yasin oğlu, Əliyev Fərhad Çingizoviç, Hüseynov Rauf Valeh oğlu, Qurbanov Azər Həsən oğlu, Lətifova Nəzrin Qüdrət qızı müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçisi olublar.
Açıq mənbələrdəki məlumatlara görə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirhadıyev Vahid Sənan oğlu ölkədə tanınmış sahibkar və iş adamıdır. Azərbaycanda pandemiya dövründə yaradılmış Koronavirusla Mübarizə Dəstək Fonduna fiziki şəxs olaraq yüz min manat ianə edən tanınmış şəxslərdən və sahibkarlardan biri olub. Onun yaxın ailə üzvü (müvafiq olaraq qardaşı) Mirhadıyev Cavid Sənan oğlu Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş və sonradan ləğv edilmiş “Qalf Şirkətlər Qrupu” MMC-nin qanuni təmsilçisi və rəhbəri olmuşdur. Hazırda “Nəsimi Bazarı” ATSC-nin sədridir. Digər bir ailə üzvü olan Hüseyn Vahid oğlu Mirhadıyev isə Böyük Britaniyada qeydiyyatdan keçmiş bir neçə şirkətin direktorudur.
Göründüyü kimi “QARDAŞLAR-M” MMC-nin qanuni təmsilçisi başqa şəxs olsa da Vahid Mirhadıyev çox güman ki, təsisçilik hüququnu özündə saxlayır.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Nicat Yunis oğlu Məmmədli icra edir. O, 2025-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilib. Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.
Göründüyü kimi, Təhsilin İnkişafı Fondu ofisin icarəsi xidmətinin satın alınması zamanı bir çox şübhəli məqamlara yol verilib. Bu şübhəli məqamlara Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli aydınlıq gətirə bilərsə, buyursun.
Aktualinfo.net
