“Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda keçirilən toplantısı Azərbaycanın TDT çərçivəsində yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüslər irəli sürən və ortaq gündəmin formalaşmasına töhfə verən ölkə kimi rolunu göstərir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın platforma, təşəbbüskar və etibarlı tərəfdaş kimi təqdim olunması da bu baxımdan əhəmiyyətlidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, təhlükəsizlik məsələlərinin ayrıca müzakirə platformasına çıxarılması Türk dövlətləri arasında qarşılıqlı etimadın və koordinasiyanın institusional əsaslarının gücləndirilməsi baxımından diqqətəlayiqdir:
“Prezidentin dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyi fikri isə TDT-də əməkdaşlığın daha intensiv və davamlı xarakter almasının zəruriliyinə işarə edir. Burada söhbət yalnız zirvə görüşlərinin sayının artırılmasından getmir. Siyasi məsləhətləşmələrin, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə işçi mexanizmlərin daha müntəzəm fəaliyyət göstərməsi vacibdir”.

Arzuxan Əlizadənin sözlərinə görə, belə yanaşma qəbul edilən qərarların icrasına nəzarəti və üzv dövlətlər arasında operativ koordinasiyanı gücləndirə bilər:
“Prezident daha əvvəl də TDT-də qeyri-rəsmi zirvə görüşlərinin müntəzəm keçirilməsinin vacibliyini vurğulamışdı. Hesab edirəm ki, TDT-nin qarşıdakı mərhələdə əsas hədəflərindən biri siyasi həmrəyliyi konkret praktiki əməkdaşlıq mexanizmləri ilə tamamlamalıdır. Azərbaycanın bu prosesdə fəal təşəbbüslərlə çıxış etməsi həm təşkilatın institusional imkanlarının genişlənməsinə, həm də Türk dövlətləri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığın daha sistemli qurulmasına xidmət edə bilər”.
Deputat hesab edir ki, Bakı toplantısının məhz təhlükəsizlik məsələlərinə həsr olunması da TDT-nin gündəliyinin tədricən daha geniş və praktik xarakter aldığını göstərən nümunələrdən biridir./Qaynarinfo.az
