Sentyabr ayı ailələr üçün yalnız yeni dərs ilinin başlanğıcı deyil, həm də əlavə xərclərin artdığı dövrdür. Məktəbli geyimləri, çanta və digər ləvazimatlar, dərslikdənkənar hazırlıqlar, kurslar, nəqliyyat və gündəlik ərzaq xərcləri ailələrin büdcəsinə əlavə yük yaradır.Xüsusilə bir neçə məktəbli uşağı olan ailələrdə bu xərclər daha ciddi hiss olunur.
Bəs uşağın təhsili ailə büdcəsində nə qədər böyük pay tutur? Valideyn həm uşağın ehtiyaclarını qarşılamaq, həm də ailə büdcəsini qorumaq üçün hansı prioritetləri müəyyənləşdirməlidir?
İqtisadçı Elşən Bağırzadə bildirib ki, ailələrin təhsil xərclərinin nisbətən yüksək olmasında pulsuz ictimai təhsilin səviyyəsi birinci dərəcəli rol oynayır:
“İctimai təhsil ailənin gözlədiyi keyfiyyəti və nəticəni təmin etmədikdə valideyn həmin boşluğu repetitor, hazırlıq, əlavə kurslar və digər ödənişli xidmətlərlə doldurmağa çalışır. Nəticədə formal olaraq pulsuz olan təhsilin ailə üçün faktiki xərci yüksəlir. Sentyabr isə məktəbli uşağı olan ailələr üçün bu yükün daha aydın hiss edildiyi dövrdür. Amma mən həm iqtisadçı, həm də valideyn kimi düşünürəm ki, uşağın təhsilinə çəkilən xərclərə sadəcə istehlak kimi baxmaq düzgün deyil. Bu, uşağın gələcəyinə, onun insan kapitalına qoyulan investisiyadır. Ona görə də təhsil ailə büdcəsində prioritet istiqamətlərdən biri olmalıdır”.

Elşən Bağırzadə bildirib ki, bununla belə, təhsillə bağlı bütün xərclər eyni dərəcədə vacib deyil:
“Keyfiyyətli təhsil, zəruri dərs ləvazimatları, sağlam qidalanma və təhlükəsiz nəqliyyat əsas ehtiyaclardır. Bahalı çanta, brend geyim və ləvazimatlar, yaxud uşağın real ehtiyacına uyğun olmayan çoxsaylı kurslar isə ailə büdcəsini lazımsız şəkildə böyüdə bilər. Məncə, əsas prinsip belə olmalıdır ki, uşağın təhsilindən deyil, təhsil adı altında edilən səmərəsiz xərclərdən qənaət etmək lazımdır. Valideyn üçün əsas meyar xərclənən pulun məbləği deyil, həmin xərcin uşağın öyrənməsinə və inkişafına nə qədər real töhfə verməsidir”./Qaynarinfo.az
