“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü təkcə torpaqların işğalı ilə bitmir. Bu addım İrəvanın dövlət və milli siyasətinin yalnız bir hissəsidir”.
Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O deyib ki, orduda xidmət edən 18 yaşlı gəncin heç bir mənəvi tərəddüd etmədən cinayətkar əmrləri icra etməsi üçün xalqın şüuruna xüsusi tarixi, ideoloji və mənəvi narrativlər yeridilib.
T. Zülfüqarovun sözlərinə görə, Azərbaycan bu strukturları ardıcıl şəkildə ləğv etdikcə Ermənistan mediasında revanşist qüvvələrin isterik reaksiyası müşahid olunur. Keçmiş nazir vurğulayıb ki, İrəvan hakimiyyəti sülh gündəliyinə sadiqliyini bəyan etsə də, təcavüz və ilhaq siyasətinin qalıqlarını gizli şəkildə saxlamaga cəhd edir.
O, Ermənistanın bu siyasətini əks etdirən əsas məqamları belə sadalayıb:
Mina xəritələrini gizlətməklə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneələr törətmək;
Müstəqillik Bəyannaməsi, Konstitusiya və digər normativ aktlarda ilhaq siyasətini qüvvədə saxlamaq;
Rəqibi insanlıqdankənar, özünü isə ucaltmağa yönəlmiş yalançı tarixi və ideoloji konsepsiyaları davam etdirmək;
Naxçıvanın blokadadan çıxarılması cəhdlərinə qarşı iqtisadi müqavimət göstərmək;
Münaqişənin alovlandırılmasına, etnik təmizləməyə və hərbi cinayətlərə görə siyasi məsuliyyətdən yayınmaq;
Cinayətkarların cəzadan yayınması üçün şərait yaratmaq.
Keçmiş XİN rəhbəri əlavə edib ki, beynəlxalq diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə ənənəvi səfərləri zamanı İrəvanda qaldırılan isteriyanın pərdəarxasında məhz bu amillər dayanır./azpolitika.info
